Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə davam etdirilir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edəcək. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub.
Aparılan işlər çərçivəsində Saray qəsəbəsi tərəfdən kənar və iki orta dayaqların tikintisi üzrə işlər tam olaraq yekunlaşıb (svaylar, təməllər, sütunlar, sütunlar üzərində riqellər). Həmçinin körpünün birinci aşırım hissəsinin tirləri tam şəkildə quraşdırılıb (16 ədəd, hər birinin uzunluğu 33 metr), üzərində armatur karkası toxunaraq betonlanıb. Hazırda körpünün orta aşırımı üzrə tirlərin quraşdırılması prosesi gedir (16 ədəd, hər birinin uzunluğu 28 metr) və paralel olaraq Sumqayıt şəhəri tərəfdə kənar dayağın armaturlanması və betonlanma işləri aparılır.
4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə bir metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.
Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən əsas yol üzərində yerləşən körpünün əhəmiyyəti nəzərə alınaraq tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.