Gürcüstanda surroqat analıq üçün (daşıyıcı ana) zorla saxlanılan və yumurtaları götürülən taylandlı qadınlar xüsusi əməliyyatla xilas edilib.
“Cebheinfo.az” xəbər verir ki, “Facebook”da gördükləri iş elanına müraciət edən əcnəbi qadınlar Gürcüstanda “yumurta mafiyası”nın əlinə düşüblər.
Belə ki, qadınlar gürcü cütlüklərə 9 min avrodan 14 min avroyadək daşıyıcı ana kimi fəaliyyət göstərəcəkləri iş təklifi üçün müraciət ediblər.
Onlar Gürcüstanda gizli bir yerə aparıldıqlarını, orada hormon terapiyasına məcbur edildiyini, damazlıq mal-qara kimi rəftar edildiyini, yumurtalarının alınıb satıldığını iddia ediblər.
Xilas olunaraq öz ölkələrinə göndərilən üç taylandlı qadın ötən ilin avqustunda Gürcüstana gəlib. Onlar daşıyıcı ana olacaqları ailələrlə yaşayacaqlarını düşünüblər.
Bunun əvəzinə isə qadınlar təxminən 100 qadınla çinlilərin idarə etdiyi böyük bir evdə saxlandıqlarını, iş təklifinin yalan olduğunu, yumurtalıqlarını stimullaşdırmaq üçün hormonların vurulduğunu və ayda bir dəfə yumurtalarının anesteziya altında yığıldığını bildiriblər.
Getmək istəyənlərdən 2 min avro tələb olunub. Bu pulu ödəyən və xilas olan bir taylandlı qadın digər qadınlar üçün ölkəsindəki bir fonddan kömək istəyib.
Fond İnterpolla əməkdaşlıq edərək “yumurta mafiyası”na fidyə ödəyib və daha üç taylandlı qadın xilas edilib.
Alınan yumurtaların süni mayalanma üçün istifadə olunmaq üçün qara bazarda satıldığı düşünülür.
Hadisə ilə bağlı iki ölkə birgə araşdırmaya başlayıb.