AZ

Bir nəfər ay ərzində nə qədər ƏT YEYİR?

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı ötən illərlə müqayisədə azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2025-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1223,1 min baş inək və camış mövcud olub. Donuzların sayı isə 3103 baş qeydə alınıb.

Ötən il isə inək və camışların sayı 1235.1, qoyun və keçilərin sayı isə 7060.6 baş olub. Azalma donuzların da sayında qeydə alınıb. Belə ki, 2023-cü ildə donuzların sayı 4828 baş olub.
 

MÖVZU İLƏ BAĞLI:

Maya dəyəri 4-5 manat olan ətin kiloqramı niyə 15-16 manata SATILIR?


Son zamanlar ölkədə ət bahalaşıb. Hazırda mal ətinin bir kiloqramının qiyməti 15-16 manat, qoyun ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, mal-qaranın sayının azalmasına səbəb ət istifadəsinin çox olmasıdır:

“Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir. İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir”.

Ümumiyyətlə, bir nəfər bir ayda nə qədər ət istehlak etməlidir və niyə mal-qara sayı əhalinin bu tələbinə hesablanmır?

Mövzuya münasibət bildiriən iqtisadçı Akif Nəsirli Bizim.Media-ya deyib ki, hər bir insan ayda 6 kiloqramdan çox ət istehlak etməlidir:

“Hər bir adam il ərzində 80 kiloqram ət istehlak eləməlidir.  Bu da ayda təxminən 6 kiloqram edir. Azərbaycanda əhalinin ətə olan tələbatını bu gün yerli istehsal ödəyə bilmir. İnsanlar da idxal ətinə üstünlük vermirlər, bu da həm də ətin bahalaşmasına səbəb olur”.

Ekspert hesab edir ki, mal-qaranın azalmasına səbəb onu bəsləməklə bağlı yaranan problemlərdir:

“Ölkədə 2000-ci ildən başlayaraq heyvanların örüş yerləri azalıb. Bələdiyyələr fəaliyyətə başlayanda örüş yerlərinin bir hissəsi bələdiyyələrin mülkiyyəti kimi təyinatı dəyişdirilərək ya icarəyə verildi, ya da satıldı. 2015-2016-cı ildən başlayaraq pambıqçılıq strateji məhsul elan edildi və pambığın əkilməsi üçün də heyvandarlıq üçün ayrılan bəzi ərazilərdən istifadə edildi. Aqroparkların yaradılması ilə dövlət fondlarına aid olan örüş ərazilərində istifadə də mümkün olmadı. Örüşlər sıradan çıxdığı üçün sürü ilə qoyun saxlamaq mümkün olmadı. Ona görə də heyvanların baş sayı azaldı. Qapalı tövlədə heyvanların saxlanması isə maya dəyərini artırdı”.

Günay Şahmar, Bizim.Media

Seçilən
6
2
bizim.media

3Mənbələr