AZ

Bakıda məktəblərdə tibb məntəqələri niyə yoxdur? — RƏSMİ AÇIQLAMA

Məktəblərdə şagirdlərin sağlamlığının qorunması və fövqəladə hallarda ilkin tibbi yardımın göstərilməsi vacib məsələlərdən biridir.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, hazırda bir çox məktəbdə tibb otaqlarının və peşəkar tibb işçilərinin olub-olmaması müzakirə mövzusudur.

Uşaqlar günün böyük hissəsini məktəbdə keçirir və bu müddətdə baş verə biləcək hər hansı qəfil hal – istər xəsarət, istərsə də ani səhhət problemi – operativ tibbi müdaxiləni tələb edə bilər. Üstəlik nəzərə almaq lazımdır ki, bəzi məktəblərdə uşaqların hallarının pisləşməsi, eyni zamanda vəfat etməsi halları da baş verir.

Belə olan halda bəzi məktəblərdə tibbi otaqlarının və ya həkimlərin olmaması valideynlərin haqlı narahatlığına səbəb olur.

Bəs məktəblərdə tibbi xidmətin səviyyəsi necədir? Bu sahədə hansı tədbirlər görülür?

Suallarımıza cavab tapmaq üçün təhsil və səhiyyə qurumlarına müraciət etdik. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində təhsilalanlar ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər:

"Təhsil müəssisələrində tibb xidməti təhsil müəssisəsinin iş qrafikinə uyğun şəkildə təşkil edilməlidir. Təhsilalanların profilaktik müayinəsi, immunoprofilaktika proqramları çərçivəsində profilaktik peyvəndlərin edilməsi təhsil müəssisələrinin rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik üzrə aparılır".

 

 

Məsələ ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BAKU.WS-ə cavab verilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 iyun 2009-cu il tarixli Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci Maddəsinin ("Təhsil müəssisəsində iaşə və tibb xidməti") 28.3-cü bəndinə əsasən "Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir:

"Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 217nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi"  Qaydasına əsasən "Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin Əməyin Mühаfizəsi bölməsinin 34-cü fəslinin 215-ci mаddəsinə əsasən müəssisələrin mülkiyyətçiləri və işəgötürənlərin həyata keçirdiyi bir sıra tədbirlər sırasına  işçilərə lаzımi sаnitаriyа - məişət və müаlicə - prоfilаktik хidmətlərin təşkilini təmin etməsi də daxildir. 

Müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir. 

Nəzərinizə çatdırırıq ki, hazırda bütün Azərbaycan vətəndaşları tibbi xidmətlərdən icbari tibbi sığortanın "Xidmətlər zərfi" çərçivəsində pulsuz istifadə edirlər".

Seçilən
6
demokrat.az

1Mənbələr