Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı və insan amili çox önəmlidir.
Day.Az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Bakıda keçirilən İnsan İnkişafı Forumunda deyib.
O bildirib ki, bu sahədə biznes mühiti və beynəlxalq reytinqlər üzrə konvensiya fəaliyyət göstərir: "Bu konvensiyada bilavasitə insan inkişafına aid üç xüsusi işçi qrupu fəaliyyətdədir ki, onların arasında mən insan kapitalı işçi qrupunu xüsusi vurğulamaq istərdim.
Gənclərin və uşaqların biznes təfəkkürünün formalaşdırılması, onların biznes düşüncə tərzinin yeni, müasir çağırışlar əsasında yaradılması bizim üçün ən aktual mövzulardandır".
Vüsal Şıxəliyev qeyd edib ki, cəmiyyətdə artıq müasir çağırışlar ondan ibarətdir ki, resursların tükənən xarakterli olması və eyni zamanda 4-cü sənaye inqilabının bu gün yaratdığı yeni sahələr, yeni iş prinsipləri insan kapitalına xüsusi diqqət yetirməyi vacib bilir:
"Bu sahədə daim öyrənmək, inkişaf etmək, yeni biliklər və bacarıqların öyrənilərək tətbiq edilməsi əsas prioritet kimi müəyyən edilməlidir.
İnsan kapitalının inkişafında özəl sektorun rolunun imkanları və resursları nədən ibarətdir? Bu sahədə dövlət qurumlarının təqdim etdiyi siyasət alətlərinin məhz özəl sektor tərəfindən praktikada tətbiqinin nailiyyətləri bizim üçün çox önəmlidir. Nəzərə alsaq ki, qanun və qaydaların biznesə tətbiqi və reallaşdırılmasında bilavasitə iştirakçıları biznes dairələridir. Bu baxımdan dövlət və biznes dialoqunda biz istərdik ki, əməkdaşlıq imkanları daha da genişləndirilsin".
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in 5 əsas prioritetindən biri məhz rəqabətli insan kapitalına əsaslanır. Bu yöndə ölkəmizdə insan kapitalının inkişafına yaradılmış əlverişli mühit və bu sahədə infrastruktur proseslərindən tutmuş cəmiyyətin bütün maraqlı tərəflərinin prosesdə inkluziv iştirakı üçün imkanlar və ekosistemin yaradılmasına nail olunmuşdur", - dəyə. V. Şıxəliyev vurğulayıb.