AZ

Xalq rəssamı: Bakıdakı yeni tikililərin heç birində rəssamların izi yoxdur - MÜSAHİBƏ

“Narahat olmayın, ünvanı rahat tapacaqsınız”, – demişdi müsahibim. Elə də olur. Fotoqrafımızla “İçərişəhər” metrosundan çıxıb yolun digər tərəfindəki binanın həyətinə keçirik. Bura məşhur binadır. Bir çox rəssamın emalatxanası məhz bu binada yerləşir.

Divarın küncündəki liftlə ən yuxarı mərtəbəyə qalxmaq üçün “2” düyməsini sıxanda fotoqrafımız təəccüblənir.

– Hələ bu harasıdır, içəridə daha çox təəccüblənəcəyik, – deyirəm, – hazır ol.

Müsahibimi tanımaq üçün abstrakt təfəkkür, abstrakt incəsənət barədə bir xeyli araşdırma etsəm də, yəqin ki, onunla söhbətdən daha çox şey öyrənəcəkdim. Odur ki bu söhbətin məni də təəccübləndirəcəyindən əmin idim.

Uzun, qaranlıq və dağınıq dəhlizdə keçirdiyimiz bir neçə dəqiqə ikimiz üçün də göydəndüşmə olur. Divarlardakı qarışıq və qəribə rəsmlər, sprey, boya qoxusu və başqa ad verə bilmədiyim bir çox duyğu ilə özümüzü müsahibəyə tam hazır hiss edirik. Ona görə də söhbətimiz elə qapıdaca başlamış olur...

“Report” Xalq rəssamı Hüseyn Haqverdiyevlə müsahibəni təqdim edir.

– Siz elə burada, emalatxanada yaşayırsınız, deyəsən, – içəri girər-girməz soruşuram.

– Bəli, burada yaşayıram.

– Başqa eviniz var?

– Yox, mənim evim yoxdur.

– Heç olmayıb?

– Bilirsən, mən birinci həyat yoldaşımdan ayrılmışam. Evdə indi o qalır.

– Aydındır...

Araya balaca bir sükut çökür...

– Əslində, buradan şikayətçi deyiləm. Əla mənzərəsi var. Dəniz... İçərişəhər... Şirvanşahlar sarayı... Bax, bax, yaxın gəl, - pəncərənin qarşısına keçib küçəyə boylanır.

– Onda ev almağı düşünməzsiniz heç...

– Düşünsəm, nəsə dəyişmir axı (gülür), o qədər pul haradadır?

– Yaxşı, bəs bu sənət sizə qazanc gətirir? Nə dərəcədə məmnunsunuz?

– Məmnun deyiləm, təbii.

Hüseyn Haqverdiyev
Hüseyn Haqverdiyev

Azərbaycanda rəssamlar nədənsə diqqət və qayğıdan kənarda qalır

– Məmnun olsaydınız, eviniz olardı, ən azından, hə?

– Bilirsən, bəzən düşünürəm ki, bəlkə də, naşükürlük eləməməliyik. Bu emalatxana mənim üçün yaxşıdır. Amma bütövlükdə Azərbaycandakı rəssamlar daha yaxşı yaşaya bilər. Şükür Allaha, bunun üçün dövlətimizin imkanları genişdir. Amma nədənsə rəssamlar bir az diqqət və qayğıdan kənarda qalır.

– Sizcə, bunun səbəbi nədir?

– Mədəniyyət öz-özünə yaranmır, onu yaratmaq, müəyyən dəstək göstərmək lazımdır. Muzeylər, sərgilər, xüsusi layihə və dəstək proqramları və sair. Bu sadaladıqlarımı qətiyyən özüm üçün demirəm, mənim 70 yaşım var, bu, gənclər üçün, gənc kadrlar üçün lazımdır. Bir həftə qabaq Sənan Qurbanovun (Sənan Qurbanov – Azərbaycanlı heykəltəraş, qrafika ustası, – N.P) emalatxanasında oldum. Orada nə qədər işlər yığılıb qalıb, hamısını toz basıb. Sanki heç kəsə lazım deyil. Nə muzey alır, nə kimsə təşəbbüs edir... Nə bilim?..

– Niyə kiminsə təşəbbüs etməsini gözləyirik ki? Özünüz bu cür təşəbbüslərlə çıxış edə bilməzsiniz? Gərək nazirlikmi olsun?

– Kim deyir ki, eləmirik? Edirik, həm də kifayət qədər. Amma reaksiya olmur. Dediyim kimi, sanki bu heç kəsə lazım deyil. Adam ruhdan düşür, təbii. Bunun üçün fondlar yaradılmalıdır. Tutaq ki, rəssam vəfat edir, bəs sonra? Onun əsərlərinin aqibəti necə olmalıdır? İtib-batmalıdırmı? Yox. Bunlar qorunmalıdır, bu bizim mədəniyyətimizin parçasıdır. Bilirsən, mən həmişə demişəm ki, bu kimi problemləri qəti şəkildə gizlətmək, bu barədə danışmaqdan qorxmaq lazım deyil. Problemdən biz danışmasaq, bəs kim danışacaq?

– 2023-cü ildə “Mədəni irs” Forumunda cəsarətli çıxışınızı xatırlatdınız mənə. Cəfər Cabbarlının ev muzeyindəki mozaikanın vəziyyəti və emalatxanalarda qalaq-qalaq qalan əsərlər barədə danışmışdınız. Bir az zaman keçib, nəsə dəyişiklik varmı?

– Deyə bilmərəm ki, sırf mənim çıxışıma görə oldu, amma hazırda Azərbaycandakı bütün mozaikaların bərpası ilə bağlı işlər başlayıb, tək Bakıya aid deyil, bütün bölgələr üzrə xüsusi proqram həyata keçirilir. Bu, bir az adamda ümid yaradır.

– Hüseyn müəllim, deməli, böyük tribunalarda çıxış eləmək lazımdır.

– Təbii! Bəzən bu cür çıxışlardan qorxuruq. Amma qorxmaq lazım deyil. Bu, sənət üçündür, mədəniyyət üçündür, onu qorumaq üçündür.

Bakı böyüyür, bölgələrimiz inkişaf edir, amma bunların heç birində rəssamların izi görünmür

– Yaxşı bəs, sizcə, mozaika XXI əsr üçün aktualdırmı?

– Mən sonuncu dəfə mozaikanı 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün işləmişəm – Səngəçaldakı terminalda “Xəzər əfsanəsi” adlı 15 metrlik mozaika yaratmışam. Düşündüm ki, ondan sonra mənə saysız-hesabsız sifarişlər gələcək. Amma ondan sonra bir dəfə də olsun, maraqlanan, təklif edən olmadı. Yəni sənin sualın, əslində, doğru və yerində verilmiş sualdır. Bu gün mozaika aktualdırmı? Cavab: deyil. Amma Bakı böyüyür, bölgələrimiz inkişaf edir, nə qədər yeni tikililər inşa edilir. Amma bunların heç birində rəssamların izi yoxdur, görünmür.

– Sanki sovet dövründə rəssamlardan, yaxşı mənada, daha çox istifadə edilirdi.

– O vaxt hər tikinti büdcəsindən üç faiz sırf dekorativ işlərə ayrılırdı. Həmin o üç faizi başqa heç bir yerə xərcləyə bilməzdin, ona görə də, az qala, bütün layihələrdə rəssamların izi görünürdü.

– Hüseyn müəllim, indi sizin gəliriniz haradandır?

– Təqaüd alıram. Bəzən də xırda sifarişlərim olur. Bilirsiniz, Qarabağda bərpa işləri gedir, Ağdamda Tokay Məmmədovun (Tokay Məmmədov – Azərbaycan SSR Xalq rəssamı, – N.P) müəllifi olduğu Fərhadın heykəli var, ermənilər onu dağıdıblar, hazırda onun restavrasiyası ilə məşğulam. Amma belə başqa kənar sifarişlər qəbirüstü abidələrlə bağlı olur.

– Səhv eləmirəmsə, Xalq yazıçısı Maqsud İbrahimbəyovun da qəbirüstü abidəsini siz hazırlamısınız.

– Elədir. Sonra Rafiq Hüseynovun, bəstəkar Ramiz Mustafayevin abidəsi, Qara Qarayevin Moskvadakı xatirə lövhəsi... Çoxdur.

– Bakıdakı Bakirə Məryəm abidəsi də sizindir.

– Bəli. O abidə də mənimdir. Özü də onun olduğu kilsə əhəngdaşından tikildiyi üçün abidə özü də əhəngdaşından hazırlanıb.

Azərbaycan tamaşaçısı incəsənətə hazırlıqlı və acdır

– Hüseyn müəllim, Azərbaycanda abstrakt mövzuların tamaşaçısı kimdir? Bu janrı başa düşən varmı? Adamların marağı sizi qane edirmi?

– Düşünürəm ki, bəli, qane edir. Hətta o dərəcədə ki, bəzən təəccüb edirəm. Azərbaycan tamaşaçısı, bu mənada, hazırlıqlı və acdır.

– Tamaşaçılarımız acdır deyirsiniz, bir ara, bu tip əsərləri şəhərin bir çox yerlərində nümayiş etdirirdilər. Bulvarda yadıma gəlir, məsələn.

– Bəli, xüsusilə Bakıda bir çox yerlərdə nümayişlər olurdu. Bulvarda da mənim əl işim vardı. Sonra hara apardılar, heç bilmirəm.

– Ölkəmizdə son illərdə hazırlanan abidələr birmənalı qarşılanmır. Bir xeyli müzakirə və tənqidlər olur. Sizin fikirləriniz maraqlıdır.

– Əvvəlcə onu qeyd edim ki, bu abidələr, fikrimcə, gecikmiş abidələrdir.

İndi başqa səviyyədə, başqa düşüncədə, daha müasir, daha yenilikçi abidələr qoyulmalıdır

– Nə mənada gecikmiş?

– Düşünürəm ki, onlar 70-80-ci illərdə qoyulmalı idi. İndi başqa səviyyədə, başqa düşüncədə, daha müasir, daha yenilikçi abidələr qoyulmalıdır. Həmçinin abidələrlə bağlı müsabiqələr çox olmalıdır.

– Abidələrlə bağlı müsabiqələr keçirilir axı, niyə iştirak etmirsiniz? Mən xatırlayıram, Aşıq Ələsgərin, Çingiz Aytmatovun abidəsi açıq müsabiqələr əsasında hazırlanıb.

– Nihat, bu, çörək bişirmək deyil. Mən gərək o işi hiss edəm. Hər müsabiqədə iştirak eləməyi düzgün hesab eləmirəm. Gərək mövzu mənim üçün maraqlı ola. Abidəni hiss eləməlisən ki, obrazı tapasan. Mən hesab edirəm ki, mədəni baxımdan dünyadan çox geri qalmışıq. Hazırda dünyada elə maraqlı, elə yenilikçi şeylər olur ki... Mən izləyirəm, müxtəlif rəngkarlıq simpoziumları daha nələr, nələr... Ərəb ölkələrində, Hindistanda, Avropada... Biz sanki yatmışıq, oyanmaq fikrimiz də yoxdur.

– Kim oyatmalıdır bizi?

– Təbii ki, özümüz.

– Onda oyadın da, niyə oyatmırsınız?

– Yox, əşi, mən artıq qocalmışam. Bizdə çox yaxşı potensiallı gənclər var. Onlara motivasiya lazımdır. Mütləq lazımdır.

Mən Müslüm Maqomayevin abidəsini tamamilə başqa cür hazırlayardım

– Biz bir az sualdan uzaqlaşdıq, Hüseyn müəllim, qayıdaq oraya. Məsələn, Müslüm Maqomayevin Bulvardakı heykəlini götürək. O abidə uzun müddət müzakirə mövzusu oldu, əgər sifariş məhz sizə gəlsəydi, onu o formada hazırlayardınız?

– Yox, yəqin ki, mən Müslüm Maqomayevin abidəsini tamamilə başqa cür hazırlayardım. Sözsüz, forma və dizaynı indi sizə izah edə bilmərəm, amma başqa olacağı dəqiqdir.

– O zaman narazılıqlara, müzakirələrə haqq verirsiniz.

– Əlbəttə, narazılığın olması sevindiricidir. Çünki bu o deməkdir ki, bizim adamlar düşünə bilir, görə bilir. Bundan yaxşı nə ola bilər? Uğurlu bir nümunəni bütün insanlar qəbul edir. Amma o yan-bu yanı varsa, qəbul etməz, müzakirəyə çıxarar. Bu, dəqiqdir. Bizdə professional tənqid yoxdur, üzdə elə hamı yalandan əl çalır. Amma gedib kənarda danışır ki, əşi, bu nədir? Amma sadə insanlar belə deyil, görür, bəyənmir və qorxmadan deyir ki, bu iş zəifdir və o adamlar 90 faiz hallarda haqlıdırlar. Biz çəkinirik, bu tanışdır, bu qocamandır, münasibətimiz var və sair. Olmaz! Bu düzgün deyil.

– Aydındır. Bir az da ailənizdən danışaq. Adətən, deyirlər, incəsənət adamları seçilmiş adamlar olur. Bəs necə olub ki, sizin ailənin hər bir üzvü seçilib?

– Mən bu suala cavab verə bilmərəm. Yəqin, yaradanın proqramı belə olub, istedadı hamımıza aid edib. (Gülür)

– Atanız Həsən Haqverdiyev də rəssam olub və bir müddət sürgün həyatı yaşayıb.

– İkinci Dünya Müharibəsi zamanı atam Sevastopol döyüşlərində almanlara əsir düşüb. Onun əsirlikdən qurtulmasında Məhəmməd Əmin Rəsulzadənin rolu olub. Ümumiyyətlə Rəsulzadənin o zaman bir çox adamın əsirlikdən qurtarılmasında əməyi keçib. Sonralar isə atam rəssam kimi 1943-45-ci illərdə Rəsulzadənin yanında işləyib. 1945-ci ildə isə QULAQ-a sürgün edilib. Eynilə bu mövzu barədə də bizə heç nə deməyib, danışmayıb, demək olar ki. 1953-ci ildə sürgündən qayıtdı. Amma qanunlara görə əlavə beş il də Bakıdan uzaqda yaşamalı idi. Ona görə də burada da, bir növ, Ucara sürgün edildi. Mən bax o zaman doğulmuşam.

– Heç sürgün həyatı barədə danışırdımı?

– Bilirsən, o zaman başqa idi, danışmağa qorxurdular. Bu da başadüşüləndir.

Birdən masanın üzərindəki şəkli göstərir.

– Bax bu portretləri bu gün səhər siz gələnə qədər çəkmişəm.

Cəmiyyətin içində olmaq rəssam üçün ən böyük xoşbəxtlikdir

– Bu portretlərdəki qadın simasının konkret ilham mənbəyi varmı?

– Mən hər gün metro ilə gedib-gəlirəm. Gör beynimdə nə qədər sima var. Bilirsən, mən xoşbəxtəm ki, maşınım yoxdur, metro ilə gedib gəlirəm, cürbəcür xarakterlər, simalar görürəm. Bəlkə də, rəssam üçün bu, ən böyük xoşbəxtlikdir. Cəmiyyətin içində olmaq onlarla ünsiyyətə girmək deməkdir. Fikrim var ki, metro insanları ilə bağlı silsilə əsərlər çəkəm.

– Əsərlərinizi satışa çıxarırsınız?

– Hərdən olur.

– Hərdən, yəni ehtiyac olanda?

– Hə. Ehtiyac olanda. Bəzən yarmarkalar olur, oraya çıxarıram və satılır.

– Bəs qiyməti nəyə əsasən təyin edirsiniz?

– Nə bilim... Nə gəldi, deyirəm (gülür).

– Şəxsi sərginiz sonuncu dəfə nə vaxt olub?

– "Koroğlu" metrosu yaxınlığında Olimpiya şəhərciyi var. Hazırda orada sərgim nümayiş olunur. Boş divarlardır, xahiş elədilər, aparıb qoydum. 50-yə yaxın əsər var, içində satılanlar da olub.

– Yaxşı bəs satdıqdan sonra peşman olduğunuz olub?

– Hamısı. Hətta bəzən satmaq istəyib, amma sata bilməyəndə sevinirəm.

– Onda da pul olmur da.

– Hə, elədir (gülür).

– Hüseyn müəllim, dünyada qəribə anlaşılmaz bir trend var. Bəzən baxanda heç bir anlam ifadə etməyən əsərlər kosmik məbləğə satılır. Şəxsən öz adıma buna çox təəccüb edirəm və başa düşmədiyim üçün təəssüflənirəm. Amma düşünürəm ki, bəlkə də, hamı hər şeyi başa düşməli deyil.

– Bəli, hamı hər şeyi başa düşməli deyil, Nihat, bu çox dəqiq qənaətdir. O qiymətə satılan əsərlərə gəlincə, burada marketinqin rolu böyükdür, bu danılmazdır. Ona görə də bu şeylər haqqında çox fikirləşmə.

– Necə düşünürsünüz, dəbdəbəli həyatınız olsaydı, sizin üçün nə dəyişərdi?

– Nə mənada dəbdəbəli?

– Məsələn, tutaq ki, ən son model maşınınız, şəhərin iki yerində eviniz var, qayğılardan uzaqsınız...

– Onu yaşamadan deyə bilmərəm, gərək olsun ki, deyim. (Bir xeyli gülür) Amma rəssam da bir insandır, onun da yaxşı yaşamaq haqqı var.

– Atanız, qardaşlarınız, bacınız, həyat yoldaşınız, övladlarınız – hamınız incəsənət adamlarısınız. Bir az qəribə səslənə bilər, amma mənə maraqlıdır, siz məişətdə nə söhbətlər edirsiniz?

– Bizim üçün hər yer, hər mövzu sənətlə bağlı olur... elə müzakirələrimiz də...

Hüseyn müəllimlə sağollaşıb özümüzü təzədən uzun, qaranlıq və dağınıq dəhlizdə tapırıq. Bir az hissə qapılmış ola bilərəm, amma elə bilirəm, divardakı rəsmlər indi mənə daha aydın təəssürat bağışlayır. Məncə, fotoqrafımız da mənimlə eyni düşüncədə idi. Çünki liftə minib birinci mərtəbəyə düşmək üçün yenə də "2" düyməsini sıxmağımız daha onu təəccübləndirmədi...

Foto: Ehtiram Cəbiyev

Seçilən
10
1
report.az

2Mənbələr