İsrail ordusu İordan çayının qərb sahilinin şimal hissəsində hücumları 21 gündür davam etdirir.
"Cebheinfo.az" xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Cenin Qaçqınlar Düşərgəsi üzərində intensiv uçuşlar həyata keçirir. Ordu qüvvələri Cenin şəhərinin Əş-Şərqi məhəlləsinə basqın edərkən, onların snayperləri fələstinlilərin evlərinin damlarına yerləşdirilib.
İsrail ordusu buldozerlərlə apardığı söküntülər zamanı məhəllənin infrastrukturuna, fələstinlilərin maşınlarına və dükanlarına ziyan vurub.
İsrail əsgərləri ilə fələstinli qruplar arasında silahlı toqquşma olarkən məhəllədə partlayış səsləri eşidilib. Tələfat və dağıntı barədə hələlik heç bir məlumat verilməyib. Fələstin Səhiyyə Nazirliyi ilin əvvəlindən İsrailin işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda əksəriyyəti Cenin şəhərindən 10-u uşaq, qadın və qoca olmaqla 70 fələstinlinin həlak olduğunu açıqlayıb.