Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, zərərçəkən şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti talayıblar.
Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin və 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar. Amma araşdırmaların gedişi zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən şəxs qismində istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və quldurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar. Tədbirlərin davamı olaraq A.Kakayev də saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
![](https://qafqazinfo.az/uploads/1739261148/Amid_Rəhmətov.jpg)
![](https://qafqazinfo.az/uploads/1739261148/Eltun_Mahmudov.jpg)
![](https://qafqazinfo.az/uploads/1739261148/Amal_Kakayev.jpg)