AZ

Azərbaycanda zəlzələ gözlənilir? - "İlin birinci yarısında..."


Bugünlərdə mediaya müsahibə verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov qeyd edib ki, Azərbaycan ərazisinin 80 faizə qədəri 8 ballıq, 20 faizi isə 9 ballıq seysmik zonaya aiddir. 

 

E.Əsədovun açıqlamaları göstərir ki, ölkəmiz seysmik zonada yerləşir və burada yeni zəlzələlərin olma ehtimalı var. 

 

Sfera.az bildirir ki, Azərbaycanda seysmik aktivliyin vəziyyəti ilə bağlı son illərdə müxtəlif açıqlamalar verilib. Bəs qarşıdakı dövrdə ölkəmizdə yenidən seysmik aktivliyin müşahidə edilməsi ehtimalı varmı?

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən seysmoloq Qulam Babayev söylədi ki, o, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu istiqamətdə tədqiqat aparıb-aparmadığını bilmir.

 

“Əgər belə bir tədqiqat aparılıbsa, mənim bundan xəbərim yoxdur, çünki mən bu tədqiqatlarda iştirak etməmişəm. Buna görə də tədqiqatların nəticələrini şərh edə bilmərəm”, - deyən Q.Babayev hazırda istifadə edilən seysmik rayonlaşdırma xəritəsinin 1989-cu ildə tərtib edildiyini və həmin xəritənin müasir tələblər əsasında yenidən hazırlanmasının vacib olduğunu vurğuladı: “1989-cu ilə aid ümumi seysmik rayonlaşdırma xəritəsi var. O vaxt aparılan tədqiqatların nəticəsində Azərbaycan ərazisində 8 və 9 ballıq zonalar səciyyələnmişdi. 

 

Lakin nəzərə almaq lazımdır ki, o zamanlar xəritələr müxtəlif yanaşmalara əsasən tərtib edilib. Bəzi hallarda vahidlərin ortalama göstəriciləri nəzərə alınıb. Yəni, baş vermiş yalnız güclü zəlzələlər diqqətə alınıb, onların makroseysmik parametrləri əsas götürülüb. 
Xəritə tərtib edlən zaman bunlarla yanaşı qırılma zonaları, qırılma boyu, qırılma ətrafında zəlzələ episentlərinin paylaşma xəritələri nəzərə alınıb.  Təhlillər göstərdi ki, 1989-cu ilin xəritəsi adekvat seysmik aktivliyi doğru səciyyələndirmir. Buna görə də yeni xəritələrin tərtib edilməsinə, xəritələrin hazırlanması zamanı yeni müasir metodlarla yanaşmanın tətbiq edilməsinə ehtiyac var”. 

 

Q.Babayev öz təhlillərinə əsasən qeyd etdi ki, hazırda Azərbaycanda seysmik aktivliyin davam etməsi müşahidə olunur:

 

“Mənim təhlillərim göstərir ki, Azərbaycanda ən azından 2025-ci ilin birinci yarısında seysmik aktivlik davam edəcək. Seysmik aktivlik 2024-cü ildən başlayıb. Bu, bir dövrülükdür və qaçınılmazdır. Xəzər dənizində bir neçə zəlzələnin qeydə alınması da bu aktivliyin təzahürüdür. Mənin fikrimcə, tektonik və seysmik aktivlik ən azı 2025-ci ilin ilk 6 ayı ərzində davam edəcək. Aktivliyin sonrakı vəziyyəti ilə bağlı isə təhlillər və müəyyən hesablamaların nəticəsində fikir bildirmək olar”. 

 

Seysmoloq aktivliyin artmasına antropogent təsirlərin də olduğunu qeyd edərək bununla bağlı xüsusi tədqiqatlar aparmaqla fikir bildirməyin mümkün ola biləcəyini söylədi.

 

Vasif
 
 

Seçilən
20
1
sfera.az

2Mənbələr