AZ

Lunyov: “Məmnuniyyətlə “Qarabağ”da qalardım”

Futbol üzrə Rusiya millisinin və Moskva “Dinamo”sunun qapıçısı Andrey Lunyov keçmiş klubu “Qarabağ” haqda danışıb.

Arena.az xəbər verir ki, o, “sport24.ru” saytına müsahibəsində övladı üçün Moskvaya qayıtmağı seçdiyini bildirib:

“Mənə “Qarabağ”da qalmağı təklif etdilər. Oğlumun bu il beş yaşı tamam oldu. Məktəbə getməyinə az qalıb. Artıq daimi yaşayış yeri haqqında qərar verməyin vaxtı çatmışdı. Ona görə doğulub boya-başa çatdığım şəhərə döndüm”.

Rusiyalı qolkiper “Qarabağ”da hər şeydən razı olduğunu söyləyib:

“Bakı gözəl şəhərdir, çox rahatdır. Mən məmnuniyyətlə orada qalardım. Amma övladımın inkişafı üçün Moskvada daha çox imkanlar var. “Qarabağ” öz çempionatında hegemondur və müntəzəm olaraq avrokuboklarda çıxış edir. Mənim üşün əsas olan bu idi. Bu komandaya keçməmişdən əvvəl Türkiyə təmsilçiləri də mənimlə maraqlanırdı. Ən nüfuzlu klub yəqin ki, “Fatih Karagümrük” idi. Məşqçilər korpusunda dəyişiklik oldu, Andrea Pirlo getdi. Sonra məlum oldu ki, klub belimdəki zədəyə görə narahatdır. Mənə maaşsız müqavilə təklif etdilər. Oyunlar üçün pul ödəmək istəyirdilər. Ardınca Kiprin “Apollon” klubu da danışıq apardı. Məni gözlədiklərini və bilet alacaqlarını dedilər. Amma sonra onlardan səs-soraq çıxmadı və “Qarabağ” variantı ortaya çıxdı”.

Xatırladaq ki, Andrey Lunyov 2023-cü ilin avqust ayından 2024-cü ilin iyulunadək “Qarabağ”da çıxış edib. 2023-cü ilin yayında Almaniyanın “Bayer” klubundan Ağdam təmsilçisinə keçən qolkiper “Qarabağ”da olduğu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

Rusiyalı qolkiper daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də forma geyinib. O, Rusiya milli komandasında da 8 oyuna çıxıb.

Seçilən
44
5
arena.az

7Mənbələr