AZ

N.İsrafilov: "Təkcə sertifikasiya balı rəhbər pedaqoji işçi üçün əsas göstərici deyil"

Ötən gün brifinqdə Elm və Təhsil naziri qeyd edib ki, öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil.

Həmçinin direktorların işə qəbulu zamanı müəllimlərin sertifikatlaşdırma balının da nəzərə alınacağı qeyd edilib.

TehsilForumu.Az AzEdu.az-a istinadla bildirir ki, məsələ ilə bağlı  açıqlama verən tanınmış təhsil eksperti Nadir İsrafiovun sözlərinə əsasən, məktəb direktorlarının seçimində və vəzifəyə təyinatında müəyyən boşluqlar var:

“Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz. Hər şeydən əvvəl bir məqamı xatırlatmaq yerinə düşər ki, hələ 1999-cu ildə Dövlət İslahat Komissiyası "Təhsil sahəsində islahat Proqramı”nı qəbul etmişdi və sənəddə pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanmışdı.

Bu məqsədlə də rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu. Sonradan biz məlum və bir çoxlarına məlum olmayan səbəblərdən attestasiyanın keçirilməsindən yayınaraq, bu prosesi sınaq imtahanı, könüllü attestasiya, diaqnostik qiymətləndirmə və nəhayət sertifikasiya ilə əvəz etdik və təhsil ictimaiyyətini inandırmağa çalışdıq ki, bütün bu əlavə prosedurlar attestasiyaya hazırlıq məqsədi daşıyır.

Sözüm heç də onda deyil. Mahiyyət etibarı ilə istər attestasiya olsun, istər sertifikasiya elə də fərq etməz. Ancaq “İslahat Proqramı”nda söhbət “rəhbər və pedaqoji kadrlardan” gedirdisə, gərək biz sertifikasiyanı ibtidai sinif müəllimlərindən deyil, məhz rəhbər pedaqoji kadrlardan - ilk növbədə isə məktəb direktorlarından başlayardıq. Çünki, zaman-zaman, xüsusilə də son zamanlar məktəb direktorları ilə bağlı məsələlər gündəmə gəlir, şikayətlər əsasən də qınaq xarakteri daşıyır. Tez-tez məktəb direktorları tərəfindən rəhbər işçisinə yaraşmayan hərəkətlərə yol verilməsi, kollektiv üzvləri və valideynlərlə qaşıdurma yaratması kimi faktlarlarla raztlaşırıq. Hətta, vəziyyətin o həddə çatması halları var ki, kollektiv və valideynlər hansısa direktorun idarəçiliynə narazılıq əlaməti olaraq onun vəzifəsindən azad edilməsi tələbi ilə çıxış ediblər. Bir sözlə, bu gün orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri, mütəmadi müzakirə olunan məsələlərdən biri olub, heç də hamı tərəfindən birmənalı qarşılanmır. "Müasir məktəb direktoru necə olmalıdır?" sualını qoyanlar da var, ideal məktəb direktorunun olub-olmaması ilə maraqlananlar da.

Bu da təbiidir. Məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Direktor məktəbin rəhbəri, təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif  bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Direktor məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir. O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın VII bölməsində direktorun əmək funksiyası kifayət qədər əks olunub".

 “Hesab edirəm ki, məktəbi idarə etmək üçün təkcə nəzəri biliklər kifayət etmir”,- deyə ekspert əlavə edib:

“Seçim zamanı namizədlərin yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdə biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Çünki, bugünkü direktorların əsas problemlərindən biri də onların yaşayış yerlərindən çox uzaq yerlərə, təyin edilmələridir.Ərazi üzrə tanınan, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri məktəbə rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır.

Bu mənada nazirin "Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil” fikri ilə tam razılaşmaq olar. Direktor, təkcə təşkilatçılığı ilə deyil, əsl müəllim imici ilə də digər müəllimlərə nümunə olmalıdır. Bunun nümayiş etdirilməsi üçün isə onun dərs deməsi, həm də yüksək ixtisaslı, yaradıcı və peşəkar müəllim kimi ad çıxarması və nüfuz qazanması vacibdir. Bir də ki, təkcə sertifikasiya balı rəhbər pedaqoji işçi üçün əsas göstərici ola bilməz.

 Ötən əsrin 90-cı ilərində qabaqcıl direktor müavinlərindən ibarət ehtiyat bazası yaradılmışdı və direktor seçimi zamanı həmin bazada ehtiyatda olan müavinlərə böyük üstülük verilirdi. Çünki, olar idarə etmə sahəsində kifayət qədər təcrübəyə malik idilər və məktəb işinə lazımınca bələd idilər. Belə bir təcrübənin yenidən tətbiq edilməsi, təsadüfi yüksək bal toplayanların direktorluq iddialarının qarşısını ala bilər. İstənilən halda, brifinqdə qaldırılan bu və digər bir neçə məsələ geniş müzakirə obyekti ola bilər və ümumi işimizin irəliləyişinə xidmət edər”,- deyə fikrini yekunlaşdırıb.

Seçilən
23
2
tehsilforumu.az

3Mənbələr