AZ

Renat Dadaşov və Həsən Nəzərov yenə baş məşqçisiz qaldılar

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” klubu yenə baş məşqçisi ilə vidalaşıb.

Arena.az xəbər verir ki, Birinci Liqa təmsilçisi Kemal Özdeş ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 54 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib:

“Baş məşqçimiz Kemal Özdeş ilə müzakirələrdən sonra yollarımızı ayırmaq barədə qarşılıqlı razılığa gəldik. Kemal Özdeşə göstərdiyi səylərə görə klubumuz adından təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Xatırladaq ki, Kemal Özdeş 2024-cü ilin dekabr ayının 27-də Ankara təmsilçisinin baş məşqçisi təyin edilmişdi. O, bu komandanı cəmi 8 oyuna çıxarıb, 2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət görüb.

Qeyd edək ki, Kemal Özdeşin bu komandaya gəlişindən sonra azərbaycanlı futbolçuların heyətə düşməsi çətinləşib. Hətta paytaxt təmsilçisi baş məşqçinin istəyinə əsasən, Renat Dadaşovu əsas heyətdən kənarlaşdırmışdı. Klubun azərbaycanlı forvardı transferə çıxardığı barədə məlumatlar da yayılmışdı. Amma Özdeşin istefasından sonra Renatla bağlı qərarın da dəyişməsi istisna edilmir. Həsən Nəzərov isə bu baş məşqçinin dövründə ümumiyyətlə şans qazanmayıb.

“Ankaragücü” son üç çempionat oyununda məğlubiyyətə üzülüb. Komanda “Ərzurumspor” və “Ümraniyəspor”a 1:2, “İstanbulspor”a 0:1 hesabıyla uduzub. Ankara təmsilçisi Birinci Liqanın yarış cədvəlində 30 xalla 14-cü sırada yer alıb.

Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 5 oyun keçirib.

Seçilən
7
arena.az

1Mənbələr