AZ

Rusiya məsələyə hələ də imperiya təfəkkürü ilə yanaşaraq, Bakıya təzyiq göstərməyə çalışır -ANALİZ

Rusiya tərəfi artıq 1 aydan çoxdur ki, AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tələblərini yerinə yetirməyib. Kreml Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus şəkildə cavab verməyə başlayıb. Hətta deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. 

Valuyevin açıqlaması ilə bağlı "Sherg.az"a danışan azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Əhməd Şahidov bildirib ki, Rusiya-Azərbaycan münasibətləri gərgin bir dövrünü yaşayır və pik həddinə çatıb:

"Hərçənd ki, Rusiya və Azərbaycan danışıqlar aparır, iki ölkə arasında strateji müttəfiqlik haqqında saziş mövcuddur, lakin Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması – bunun bilərəkdən və ya bilməyərəkdən baş verməsindən asılı olmayaraq – böyük bir faciədir. Daha sonra həmin qəzaya uğramış təyyarənin təhlükəsiz enişinə icazə verilməməsi və ekipaj üzvlərinin ölümlə üz-üzə qoyulması nə strateji müttəfiqlik prinsiplərinə, nə də beynəlxalq hüquq və sivil qaydalara uyğun gəlir. Azərbaycan haqlı olaraq tələb edir ki, Rusiya tərəfi üzrxahlıq etsin, təzminat ödəsin və günahkarlar cəzalandırılsın. Lakin artıq iki aydır ki, Moskva bu istiqamətdə ciddi bir addım atmır. Prezident Vladimir Putinin verdiyi ilkin açıqlamada yalnız hadisənin Rusiya hava məkanında baş verdiyini vurğulaması, məsuliyyət məsələsinə toxunmaması və təzminat məsələsinin gündəmə gətirilməməsi təəssüf doğurur. Bu vəziyyətdə, Azərbaycan Rusiya ilə münasibətlərə yenidən baxmaq məcburiyyətindədir. Digər tərəfdən, Rusiya məsələyə hələ də imperiya təfəkkürü ilə yanaşaraq, Bakıya təzyiq göstərməyə çalışır. Hakim "Yedinaya Rossiya" Partiyasının nümayəndələri müxtəlif açıqlamalar verərək Azərbaycanı və onun ictimaiyyətini təhdid edirlər. Bununla yanaşı, Rusiyada yaşayan milyonlarla azərbaycanlıya qarşı sərt miqrasiya siyasəti həyata keçirmək, oradakı Azərbaycan diaspor təşkilatlarına və mədəniyyət mərkəzlərinə təzyiqlər göstərmək cəhdləri müşahidə olunur". 

Ekspert əlavə edib ki, Rusiya vətəndaşı olan, yəni orada doğulub böyümüş, hüquqi və biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamlarına da təzyiqlər edilir:
"Hətta onların biznesini və əmlaklarını əlindən almaqla bağlı fikirlər səsləndirilir. Bu cür addımlar Rusiya-Azərbaycan münasibətlərində onsuz da mövcud olan gərginliyi daha da artırır. Bu, vəhşilikdir, imperiyalist təfəkkürdür. Belə bir vəziyyətdə, Azərbaycan da bu təhdidlərə cavabsız qalmır. İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən və qanunsuz işlərdə adı hallanan "Rus evi" məsələsi yenidən gündəmə gətirilib. Təkcə qanunsuz fəaliyyətlə deyil, burada casusluq fəaliyyəti aparıldığına dair şübhələr də mövcuddur və hazırda bu istiqamətdə araşdırmalar aparılır. Düşünürəm ki, Rusiya bu siyasəti ilə onsuz da dünyada təcrid olunmağa davam edir. Hazırkı şəraitdə yeni dostlar və müttəfiqlər qazanmaq əvəzinə, ən yaxın strateji tərəfdaşlarından biri olan Azərbaycanı özündən uzaqlaşdırır. Bunun nəticəsində isə Azərbaycan anti-Rusiya cəbhəsinə qoşulmağa daha da yaxınlaşır. Bu siyasətin sonu Rusiya üçün heç də yaxşı olmayacaq. Mümkündür ki, Moskva gələcəkdə Rusiyada yaşayan azərbaycanlı miqrantların bir hissəsini, xüsusilə də sənədsiz və qeyri-qanuni yaşayanları deportasiya etsin. Lakin bu addım Rusiyanın öz iqtisadiyyatına və bazarlarına ciddi təsir göstərəcək. Çünki bu gün Rusiyada bazarları təmin edən əsas mənbələrdən biri azərbaycanlı iş adamları və onların məhsullarıdır. Onların deportasiya edilməsi və ya iqtisadi fəaliyyətdən kənarlaşdırılması, Rusiyanın onsuz da dərinləşən sosial-iqtisadi böhranını daha da ağırlaşdıracaq". 

Ə.Şahidov vurğulayıb ki, Rusiyanın atacağı hər hansı addıma Azərbaycan tərəfi də adekvat cavab verəcək:
"Çünki Azərbaycan digər bölgə ölkələrindən, xüsusilə də Ermənistan və Gürcüstandan fərqli olaraq, daha güclü, suveren və müstəqil siyasət yürüdən bir dövlətdir. Ölkənin iqtisadiyyatı kifayət qədər güclüdür və xarici siyasətdə Türkiyə, İsrail, Pakistan kimi dost və qardaş ölkələrlə sıx əlaqələri mövcuddur. Bu baxımdan, Rusiyanın hər hansı təzyiq siyasətinə qarşı Azərbaycanın müvafiq addımlar atacağı şübhəsizdir. Amma düşünürəm ki, Putin son anda geri addım atacaq. Çünki belə bir siyasət təkcə Azərbaycanla deyil, ümumiyyətlə, Rusiyanın digər postsovet ölkələri ilə əməkdaşlığına da ciddi zərbə vuracaq. Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələr artıq Rusiyanın Azərbaycana qarşı sərgilədiyi bu düşmən münasibətini görür və öz gələcək siyasətlərində bundan nəticə çıxarırlar. Bu ölkələr hər zaman Moskvanın davranışlarını diqqətlə izləyir və belə bir münasibətin onlara da şamil edilə biləcəyini anlayırlar. Bu isə Rusiyanın regiondakı mövqeyinin zəifləməsinə və strateji tərəfdaşlarını itirməsinə gətirib çıxara bilər. Yəni, sonda itirən məhz Rusiya olacaq".
Seçilən
21
sherg.az

1Mənbələr