“Ermənistanın verdiyi istənilən yol heç bir üstünlük olmasa belə, Azərbaycan tərəfindən dəhliz adlandırılacaq”.
Bunu fevralın 11-də Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
O qeyd edib ki, dəhliz statusu Ermənistan üçün qəbuledilməzdir.
“Ermənistan ərazisindən heç bir ekstraterritorial dəhliz olmayacaq”, - deyə Simonyan vurğulayıb.
Parlamentin spikeri qeyd edib ki, yola nəzarət kameralardan istifadə etməklə həyata keçirilə bilər və orada rusiyalı hərbçilərin olması vacib deyil.
O bildirib ki, Ermənistan yolların açılması ilə bağlı bütün məsələlərə dair, o cümlədən yük və sərnişinlərin yoxlanılması rejimi ilə bağlı Azərbaycana təkliflər verib və onları müzakirə etməyə hazırdır.
Parlament sədri qeyd edib ki, bütün qərarlar qarşılıqlılıq prinsipinə əsaslanmalıdır.
“Kazanda bu təkliflərin təfərrüatlarının müsbət müzakirəsi aparılıb və Bakı təkliflərin onlar üçün məqbul olmadığını bildirənə qədər biz cavab gözləyirik. İlkin mərhələdə, çox güman ki, yük daşınmasından danışacağıq. Ermənistanın marağı ondan ibarətdir ki, İəvan Naxçıvan ərazisindən Rusiya və İrana yol alsın. Düşünürəm ki, 1-2 il ərzində normal məntiqlə ticarətə, yaşamağa başlasaq, cəmiyyətdəki ab-hava ilə bağlı bir çox suallar aradan qalxar. Yan-yana yaşayan iki xalq əbədi düşmənçilik içində ola bilməz”, - deyə Alen Simonyan sözlərini yekunlaşdırıb.
"Cebheinfo.az"