"Zərbənin təsirindən az qala qulağımın yarısı qopmuşdu".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində zədələnərək təlim-məşq toplanışından kənarda qalması barədə danışıb: “Zaqreb Open”də moldovalı güləşçi ilə görüşə çıxmışdım. Qarşılaşma start götürəndən qısa müddət sonra 7:0 hesablı üstünlük əldə etdim. Fənd işlətmək istəyərkən düzgün təkan verə bilmədim və rəqib idmançının çanaq sümüyü qulağımın üstünə düşdü. Zərbə o qədər güclü idi ki, az qala qulağımın yarısı qopmuşdu. Həkimlər qərar verdilər ki, görüş yarımçıq dayandırılmalıdır".
Dərhal Xorvatiyada qulağından əməliyyat olunduğunu deyən Cəfərov sözlərinə belə davam edib: "Bu halda milli komanda ilə orda qalmağımın mənası yox idi. Toplanışdan kənarda qaldığım üçün üzüldüm. Lakin inşallah tezliklə məşqlərə dönəcəyəm. Bakıya qayıtdıqdan sonra qulağımdakı sarğı açılıb. Həkimlərin məsləhəti ilə 15-20 günə məşqlərə başlaya bilərəm".
Qeyd edək ki, Zaqrebdəki turnirdən sonra Poreç şəhərinə yollanan Azərbaycanın yunan-Roma güləşi millisinin üzvləri fevralın 22-dək orada hazırlıq keçəcəklər.
İdman.biz