USAİD qutuları "Hizbullah"ın anbarında
Livanda “Hizbullah” terror təşkilatına aid gizli silah anbarlarında USAİD (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinə) məxsus naməlum mənşəli qutular aşkarlanıb.
Qutuların üzərinə “ABŞ-dən olan vergi ödəyicilərindən “Hizbullah”a sevgi ilə” yazısı, eləcə də USAİD və UNİCEF-in loqoları olub.
Bu məsələdən sonra İsrail hökuməti agentliklə əlaqələrini kəsmək üçün prosesə başlayıb.
İsraildə yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutunun icraçı direktoru Aşer Fredman yerli mətbuata bildirib ki, gizli anbarda snayper tüfəngləri, tank əleyhinə raketlər və müxtəlif təyinatlı partlayıcı maddələr müsadirə olunub.
“NGOMonitor” portalı isə USAİD-in ayırdığı və əsasən amerikalı vergi ödəyicilərinin hesabına formalaşdırılan büdcə hesabına ödənilən maliyyə yardımlarının mütəmadi olaraq Livan, Yəmən və Qəzzadakı terrorçu qruplaşmalara yönləndirildiyi barədə faktlara malik olduğunu açıqlayıb.
Aşel Fredman həmçinin özünün “X” hesabında yazır ki, ötən il Livandakı humanitar missiyada fəaliyyət göstərdiyi zaman da apardığı araşdırmalar nəticəsində UNİCEF və USAID-ə aid olan yardım paketlərinə rast gəlib.
Metyu Brayza: "Sübutlar yetərli deyil, amma..."
Amerikalı keçmiş diplomat Metyu Brayza hesab edir ki, bu cür informasiyalar yayılarkən rəsmi Vaşinqtonun “Hizbullah”a yanaşması və bu qruplaşma ilə bağlı mövqeyinin nəzərə alınması vacibdir. Metyu Brayza APA-nın müxbiri ilə söhbətində deyib ki, yayılan fotoşəkillərin hələ fakt kimi qəbul edilməsinə şübhə ilə yanaşır: "Sadəcə bir və ya bir neçə foto, ya da İsrail ordusunun keçmiş hərbçisinin bəyanatı USAİD-ə məxsus qutuların silahla birlikdə “Hizbullah”a aid anbarlarda tapıldığı barədə yetərincə informasiyaya malik olmağa kifayət etmir. Həm ABŞ hökuməti, həm də USAİD-in özü “Hizbullah”ı dost olaraq yox, düşmən və məğlub edilməli olan terror təşkilatı kimi tanıyır”.
Metyu Brayzanın iddisına görə, USAİD və digər ölkələrdəki qeyri-hökumət təşkilatlarının bölgəyə göndərdiyi yardımlar mütəmadi olaraq terrorçular tərəfindən ya şəxsi, ya da gəlir əldə etmək üçün satış məqsədilə qarət edilir: “Bir daha qeyd edirəm ki, məsələni daha yaxşı anlamaq üçün detallı informasiyaya ehtiyac var. “Hizbullah” eyni zamanda həm də Livan Parlamentində təmsil olunan siyasi təşkilatdır. Məncə bu faktor da USAİD təşkilatına aid paketlərin onların əlinə necə düşdüyünü izah edir. “Hizbullah”ın Livanda əhaliyə humanitar dəstək göstərən şəbəkəsi var”.
İsrailli siyasi şərhçi: “Amerikalı və avropalılar pullarının terrorçulara dəstək üçün xərcləndiyini bilməlidir”
İsrailli siyasi şərhçi Elina Bardaç Yalov isə APA-ya müsahibəsində qeyd edib ki, Avropa və ABŞ-nin humanitar yardımlarının tez-tez terrorçulaırn əlinə düşməsi hər kəsə məlumdur.
“Biz bu yardımların çox nadir hallarda mülki əhaliyə çatdırıldığı ilə bağlı faktların şahidi olmuşuq. Həmin yardımların terror qruplaşmalarının əlinə düşməsinin hansı nəticələr doğurduğu isə bəllidir. Mən hesab edirəm ki, amerikalı və avropalı vergi ödəyiciləri onların pulunun Livan və Qəzzada aclıqdan əziyyət çəkən uşaqlara deyil, terrorçulara dəstək məqsədilə xərcləndiyini bilməlidir. Bu yardımlar daha çox terrorçuların növbəti hücumları planlaşdırmasına sərf olunur. Biz bunu bilirik, lakin bütün dünyanın bu faktlardan agah olmasına ehtiyac var. İsrail tərəfinə məlumdur ki, beynəlxalq tərəfdaşlarımız bu danılmaz həqiqətə inanmaq istəmir”.
Elina Bardaç-Yalov, həmçinin, 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə törədilən hücumlara xərclənən vəsaitin BMT-nin Fələstinli Qaçqınlara Dəstək Agentliyinə ayrılan yardımlardan formalaşdığı ortaya çıxdıqdan sonra ABŞ Prezidenti Donald Trampın bu agentliyin fəaliyyətini maliyyələşdirməkdən imtina etdiyini xatırladıb.
UNRWA yardımları və HƏMAS əlaqəsi – yardımlar necə yönləndirilir?
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) fələstinli qaçqınlara humanitar yardım göstərən əsas qurumlardan biridir. Lakin son illərdə UNRWA-nın vəsaitlərinin və resurslarının bəzi hallarda İsrailə qarşı hücumlarda istifadə edildiyinə dair iddialar ortaya çıxıb.
Belə ki, 2024-cü ilin avqust ayında UNRWA-nın 9 əməkdaşının 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumlarında iştirak etdiyi müəyyən edilib və onlar işdən çıxarılıb.
2024-cü ilin yanvar ayında İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyat zamanı UNRWA-ya aid yüklərdə silah və partlayıcı maddələr tapıldığını bildirib.
Bu iddialar fonunda Yaponiya və ABŞ da daxil olmaqla bəzi ölkələr UNRWA-ya maliyyə yardımlarını dayandırıb.
USAİD-lə bağlı son vəziyyət necədir?
USAİD-in (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinə) fəaliyyəti ABŞ Prezidenti Donald Tramp tərəfindən “israfçılıq və fırıldaqçılıq” kimi qiymətləndirilib. Tramp agentliyi ləğv etmək qərarına gəlib və onun işçi sayını əhəmiyyətli dərəcədə azaldıb. O, USAID-in fəaliyyətini "radikal solçuların idarə etdiyi" bir qurum kimi tənqid edib və agentliyin bağlanmasını tələb edib.
Amerikalı sahibkar Elon Mask isə X səhifəsində bildirib: “USAİD-i daha dərindən araşdırdıqca burada içində qurd olan alma deyil, əslində bir top qurd olduğu məlum oldu”.