“Rosaviasiya” Rusiyadan İsrailə uçuşlarla bağlı tövsiyələrin qüvvədə olma müddətini daha bir ay – martın 11-dək uzadıb.
İndex.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilib ki, tövsiyələrə əsasən gecə uçuşları qadağan edilib.
Məlumata görə, mülki hava gəmilərinin uçuş təhlükəsizliyinə davam edən təhdid səbəbindən Moskva vaxtı ilə saat 01:00-dan 07:00-a qədər uçuşlara qoyulan məhdudiyyətlər qüvvədə qalır.
Aviaşirkətlərə Moskva vaxtı ilə saat 07:00-dan 01:00-a qədər (Bakı vaxtı ilə saat 08:00-dan 02:00-a qədər) İsrailə uçuşları münaqişə zonalarının üzərində və yaxınlığında uçuşlar üçün risk amillərinin qiymətləndirilməsi üzrə ICAO təlimatını nəzərə almaqla həyata keçirmək tövsiyə olunur.
Qeyd edək ki, Rusiyadan İsrailə uçuşlarla bağlı müvafiq tövsiyələr 2024-cü il noyabrın 11-də tətbiq edilib və daha sonra bir neçə dəfə uzadılıb.