AZ

Kirayə müqaviləsi olmayanlar kommunal ödənişləri ÖDƏMƏLİDİRLƏRMİ?

Kirayə müqaviləsi ev sahiblərinə sərf etmədiyi üçün çox vaxt qeyri-rəsmi qaydada mənzillərini kirayə verirlər. Çünki kirayə müqaviləsini rəsmiləşdirmək üçün müəyyən sənədlər tələb olunur.

Bu sənədləşmədən isə insanlar çox hallarda yayınır. Əgər kirayə müqaviləsi notariat qaydada imzalanmış olsa, hər iki tərəfin, əslinə qalsa, öz xeyrinə olan öhdəlikləri olur.

Bəs kirayə müqaviləsi olmayanlar hansı problemlərlə qarşılaşırlar?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Yunis Xəlilov qeyd edir ki, kirayə müqaviləsi bağlanmazsa, ortada  ciddi problemlər yarana bilər:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 

Xüsusilə vurğulamaq istəyirəm ki, istər kirayə, istərsə də icarə müqaviləsinin yazılı şəkildə bağlanmadan mülki hüquq münasibətlərinə daxil olunması həm icarəyə verən, həm də icarəçi üçün ciddi hüquqi problemləri meydana çıxarır.

İlk olaraq, bu, mənzildən çıxarılma riskini yarada bilir. Müqavilə olmadıqda ev sahibi istədiyi vaxt kirayənişini çıxara bilər. Belə olduqda isə icarəçinin hüquqi yolla müdafiə imkanları çox çətinləşmiş olur.

Digər tərəfdən müqavilənin olmaması kirayə haqqının ödənilməsinin gələcəkdə sübut oluna bilməməsi problemini də yaradır. Belə ki, rəsmi sənədi olmadıqda ev sahibi əlavə vəsait tələb edə və ya kirayə ödənişinin edilmədiyini iddia edə bilər.

Müqavilə bağlanmaması tərəflərin kommunal xidmətlər və digər öhdəliklərlə bağlı da ciddi problemlərlə üzləşməsi riskini doğurur. Yəni müqavilə yoxdursa, su, qaz, elektrik kimi xərclərin kim tərəfindən ödənilməli olduğu qeyri-müəyyən qalır”.

Hüquqşünas qeyd edib ki, müqavilə yoxdursa, icarəçi evə ziyan vurduqda onun barəsində maddi ziyanla bağlı kompensasiya tələbinə dair iddia qaldırmaq, ya da onun məsuliyyətə cəlb edilməsi də gələcəkdə sübut prosesində şəxsləri əlverişsiz vəziyyətlərə sala bilir:
 

“Bir də unudulmamalıdır ki, sözügedən müqavilənin olmaması təkcə tərəflərə deyil, bütövlükdə dövlət və cəmiyyət üçün də potensial təhlükələr yarada bilir. Belə ki, bu zaman qanunsuz fəaliyyətlər üçün istifadə imkanları yaranır. Müqaviləsiz evlər bəzi hallarda dələduzluq, narkotik ticarəti, əxlaqsız yuvaların saxlanması və digər cinayətlərin törədilməsi üçün də sui-istifadə edilə bilər. Bu zaman isə hüquqi məsuliyyəti müəyyən etmək təcrübədə çətinliklər yaradır.



Beləliklə, kirayə (icarə) müqaviləsinin bağlanmaması həm icarəyə verən, həm də icarəçi üçün ciddi hüquqi və maddi riskləri özü ilə bərabər gətirir. Bu cür problemlərin qarşısını almaq üçün mütləq notarial qaydada və ya yazılı şəkildə müqavilə bağlanmalı, tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməlidir”.

Aygün Hüseyn, Bizim.Media

 

Seçilən
3
1
bizim.media

2Mənbələr