Mühəndis, hüquqşünas, həkim, müəllim, fərqi yoxdur, hansısa peşə sahibi olmaq və həmin sahədə qanuni şəkildə fəaliyyət göstərmək üçün ən azından müvafiq təhsil almalı, aidiyyəti diplomun sahibi olmalısan. Ali təhsili təsdiq edən və tələb olunan digər aidiyyəti sənədlər olmadan fəaliyyətin göstərilməsi qanunsuzdur və ən azından sosial məsuliyyətsizlikdir. Hətta onu da xatırladaq ki, müvafiq təhsili olmadan tibbi və ya hüquqi xidmətlər göstərən şəxsləri müdrik xalqımız “fırıldaqçı” və ya “dolandırıcı” adlandırır. Bu cür halların təhlili zamanı istifadə olunan açar sözlər məhz bu kəlimələrdir.
Əlbəttə ki, sözügedən halların inkişafı və tendensiya halına gəlməsi olduqca ciddi fəsadlara gətirib çıxara bilir. Məhz elə bu səbəbdən də biz vaxtaşırı müxtəlif qurumlarda təşkil olunan yoxlamalara şahidlik edirik. Bəli, bu sadəcə profilaktik tədbirlərdir və aşkarlanan neqativ hallarla mübarizədə hər bir şəxsdən fəal vətəndaş mövqeyinin nümayişi tələb olunur. Xüsusilə fəal maarifçiliyin imkanlarından istifadə etməklə bir sıra önəmli məsələlərə dair cəmiyyətin “gözləri açıla” bilər və bu ilk növbədə arzuolunmaz tendensiyaların qarşısının öncədən alınması deməkdir.
Bəs, mövcud kontekstdə siyasi münasibətlər müstəvisində nələr baş verir? Kim deyə bilər ki, qeyri-peşəkar, məsuliyyətsiz və xalqın təbincə desək “şarlatan” siyasətçinin fəaliyyəti ziyansızdır? Qərəzli, qeyri-peşəkar həkimin yanlış diaqnoz və səhv müalicələri nəticəsində insan taleləri üçün faciələr qaçılmaz olduğu kimi, qərəzli və qeyri-peşəkar siyasi “proqnoz” və şərhlər də cəmiyyət üçün daha kütləvi və zərərli tendensiyaların yaranmasına səbəb ola bilər. Təsadüfi deyil ki, ölkənin inkişafını istəməyən və dövləti asılı vəziyyətə salmaq arzusunda olan qüvvələr öz təxribatlarını məhz ideoloji müstəvidə aparırlar. Əlçatan internet və mahiyyətinə görə getdikcə “bazara” oxşayan sosial şəbəkələr yanlış və qərəzli şərhləri işıq sürəti ilə yayır. Təbii olaraq bu cür vəziyyətdə əhalidə təhrif olunmuş siyasi təsəvvürlər də formalaşa bilir.
Sosial şəbəkələrin mahiyyət etibarı ilə məzmununa diqqət yetirən zaman onların fəaliyyətini hər hansı bir qanunsuz dini sekta ilə müqayisə edə bilərik. Sosial şəbəkələrin iş alqoritmi elə təşkil olunub ki, insanların təfəkkürü zombiləşir və hazır stereotiplərlə doldurulur. Dolayısilə sosial şəbəkələr öz aqressiv mahiyyəti ilə tədricən insanları azad və sərbəst düşünmə qabiliyyətindən məhrum edir. Sözügedən təzahürün nəticəsində isə qərəzli təbliğatın əsas funksiyası yerinə yetirilmiş olur, çünki bundan sonra əhalinin ictimai təfəkkürü istənilən manipulyasiya üçün açıq olur.
Bu mənada son dövrlərdə müxtəlif “YouTube” kanallarının xüsusilə fəallaşması heç də təsadüfi sayıla bilməz. Sözügedən tendensiya o qədər qabarıq şəkildə müşahidə olunur ki, bunu gizlətmək belə mümkünsüzdür. Əlbəttə ki, analoji tendensiyaların inkişafı zərərlidir. Müxtəlif internet resurslar sadəcə informasiyanı yaymır, onlar artıq siyasi yanaşma və baxışları yayırlar. İnformasiya müharibəsi çərçivəsində siyasi interpretasiyaların sərt savaşı aparılır. Sıravi internet istifadəçisi isə çaşqınlıq içərisində qalır. Bunun nəticəsində cəmiyyətdə sosial nigarançılıq hissi formalaşır. Qeyd olunan məsələ artıq qərəzli informasiya manipulyasiyalarının digər strateji vəzifəsidir.
Odur ki, “maarifçilik” fəaliyyəti bəziləri tərəfindən hələ də arxaizm hesab olunsa belə, onun müasir dövrümüzdə aktuallığı kəskin şəkildə artmaqdadır. “Dələduz” və “fırıldaqçı” həkimlərə xəstəxananı etibar etmək mümkün olmadığı kimi, “dələduz” demaqoqlara da informasiya məkanını təhvil vermək olmaz. Baş verən bu və ya digər hər hansı bir hadisə ətrafında informasiya manipulyasiyaları vasitəsilə süni ajiotaj yaradılır, daha sonra isə internet məkanında peşəkarlıq və obyektivlikdən uzaq olan şərhlər dolaşır. Bu cür hallar bilavasitə hibrid müharibələrin təzahürləridir.
Son dövrdə “qərəzsiz peşəkarların” əsas manipulyasiya mövzularına diqqət yetirin: “Ruskiy dom” və “USAİD”. “Adə qırğın, Adə Namiqlə Makedon dava edəcək” – bəzilərinin emosional şərhləri məhz bu səpkidədir. Bu cür şərhlərin strateji təyinatı emosiyaların eskalasiyasıdır ki, sıravi vətəndaş rasional düşünmək imkanını itirsin. Əlbəttə ki, bütün bunlar mürəkkəb siyasi texnologiyaların artıq bizim də siyasi proseslərimizdə geniş şəkildə mövcudluğundan xəbər verir.
Heç bir halda süni ajiotajın yaranmasına yol verilməməlidir. Milli təhlükəsizlik və milli maraqlarımıza təhdid yarada biləcək istənilən təzahürə qarşı dövlətin və xalqın təpkisi bəlli olmalıdır. Hər hansı bir potensial təhdidə qarşı dövlətin adekvat addımı cəmiyyət tərəfindən yalnız və yalnız alqışlanmalı, dəstəklənməlidir. Adekvat addımın atılması bilavasitə siyasi iradə və gücün təzahürləridir. Azərbaycan dövlətinin istənilən təhdidə qarşı adekvat addım atmaq iqtidarında olması faktı hər bir vətəndaşı sevindirməlidir. Burada manipulyasiyalara uymaq qətiyyən olmaz.
Prezident İlham Əliyevin: “Heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz” – ifadəsi qürur hisslərinin mənbəyi olmalıdır. İdeoloji müstəvidə aparılan məkrli təbliğatın nəticəsidir ki, emosiyalar təhrif olunur və yanlış stereotiplər formalaşır. Odur ki, əgər kimlərsə cənab Prezidentin bu cür fikirləri ətrafında qərəzli demaqogiyanı inkişaf etdirirsə, bilin ki, həmin yanaşma düşmənin əlinə su tökməkdir.
Cənab Prezidentin dövlət siyasəti milli maraqların təmin olunmasına xidmət edir və bu siyasətdə bir strateji prioritet var: xalqın rifahı və dövlətin təhlükəsizliyi. Müasir dövrün xüsusiyyətlərini nəzərə alaraq, taktiki prioritetlər son ana qədər gözlənilməlidir. Məhz bunun nəticəsində dövlət başçısı inanılmaz uğurlara nail ola bilib və Azərbaycanı bir çox təhlükələrdən qoruyub. Ölkəmizin düşmənləri isə öz təxribat xarakterli fəaliyyətləri ilə həmin bu prioritetlərin yerini dəyişdirmək arzusundadır.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında ideoloji müstəvidə Azərbaycana qarşı aparılan təbliğatı qeyd edib və bu səbəbdən də adekvat tədbirlərin görülməsinin zəruriliyini bildirib. İstər beynəlxalq təşkilatların ölkənin daxili işlərinə müdaxilə etmək cəhdləri, istərsə də mülki təyyarəmizlə bağlı yaşamış faciəyə obyektiv hüquqi qiymətin verilməsi, Rusiya hökuməti tərəfindən aidiyyəti addımların atılması tələblərində dövlət başçısı yalnız milli maraqlarımıza söykənərək öz siyasətini reallaşdırıb. Unutmamamız zəruri olan həqiqət budur.
Azərbaycana qarşı aparılan hibrid müharibəsi kontekstində hər kəs siyasi aksiom kimi onu bilməlidir ki, heç bir manipulyasiyanın xoş niyyəti yoxdur. Bu və ya digər hadisə rəsmi siyasi reaksiyasız qaldığı təqdirdə manipulyatorların mahnıları dəyişir, niyyətləri isə dəyişməz qalır. Bilməliyik ki, burada həqiqət axtarışı yoxdur, bizim emosiyalarımız isə kimlərinsə əlində sadəcə alətə çevrilir.
Diqqət yetirin, aparılan informasiya manipulyasiyaları vasitəsilə baş verən bu və ya digər hadisə yalnız ağ və qara rənglərə boyanır. Bu cür yanaşma isə öz növbəsində zombiləşmiş təfəkkürün təzahürüdür. Odur ki, son zamanlar müxtəlif kanallar vasitəsilə ictimai-siyasi təfəkkürümüzə zorla yeridilən “nə baş verir?” sualına cavab olaraq hər bir məsuliyyətli vətəndaş üçün bu məqam açıq və aydın olmalıdır: Vətənimizin Qələbəsini hələ də həzm edə bilmirlər və Azərbaycanı müxtəlif proseslərə cəlb etmək istəyirlər. Mövcud vəziyyətdə milli həmrəylik mühitinin qorunması məsələsi strateji vəzifə statusuna qədər yüksəlir. Çünki bütün təxribatların hədəfində məhz bizim milli həmrəyliyimizdir. Unutmayaq ki, biz artıq regionda yeni reallığın müəllifi olan Qalib xalqıq!