AZ

Qaz anbarlarının yarısı boşdur

Avropanın təbii qaz anbarlarının doluluq nisbəti fevralın 10-da keçən ilin eyni dövründəki 67 faizlik doluluq nisbətindən əhəmiyyətli dərəcədə azalıb və 50 faizdən aşağı düşüb. 

“Cebheinfo.az” xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri arasında ən aşağı təbii qaz saxlama qabiliyyətinə malik ölkə 29,9 faiz ilə Fransa olub. 

Bölgənin ən böyük enerji istehlakçılarından biri olan Fransada qaz anbarlarında doluluq səviyyəsi Avropa Komissiyasının müəyyən etdiyi 41 faizlik hədəfdən aşağı olaraq qalıb. Avropa İttifaqına daxil olmayan ölkələr arasında Ukraynada anbarların doluluq nisbəti 9,3 faiz, Böyük Britaniyada isə 25,7 faiz olaraq qeydə alınıb. 

Portuqaliyanın anbarları tam doluluq gücü ilə seçilir ki, bu ölkəni 88 faizlə İsveç, 69 faizlə İspaniya izləyir. Fevralın 10-na Avropanın təbii qaz anbarlarının doluluq nisbəti 48,5 faiz olaraq qeydə alınıb. Ötən ilin eyni dövründə anbarların doluluq səviyyəsi 67 faiz təşkil edib. Hər il 400 milyard kubmetrdən çox təbii qaz istehlak edən Aİ ölkələri Ukraynadakı müharibə ilə Rusiyadan təbii qaz almağı dayandırıb və Rusiya ilə Ukrayna arasında təbii qaz tranziti müqaviləsinin müddəti 31 dekabr 2024-cü ildə başa çatıb. 

Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, boru kəmərləri ilə ölkə vasitəsilə Avropaya nəql edilən Rusiya qazının həcmi 2022-ci illə müqayisədə ötən il 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb. Enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər görən Aİ ölkələri mayeləşdirilmiş təbii qaz (LNG) idxalına üz tutaraq səmərəlilik istiqamətində addımlar atıb. 

Avropanın azalan tədarükün yerini doldurmaq üçün daha çox qaza ehtiyacı olduğu və bazarın bu yay darala biləcəyi ilə bağlı narahatlıqlar fonunda anbar səviyyələri diqqətlə izlənilir. Hadisələr və anbarlardakı doluluq nisbətinin yaratdığı çaxnaşma səbəbiylə, Avropanın ən böyük dərinliyinə sahib Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi TTF-də ticarət edilən mart fyuçers müqavilələrində təbii qazın qiyməti fevralın 10-da son 2 ilin ən yüksək səviyyəsi olan meqavat/saat üçün 58,75 avroya yüksəlib. 

İtaliyadakı “Ricerche Industrial ed Energetiche “(RIE) şirkətinin enerji geosiyasəti və bazarlar üzrə tədqiqatçısı Francesco Sassi məsələ ilə bağlı qiymətləndirməsində Aİ-nin təchizatı təmin etmək üçün yeni qaydalar və həddlər təyin etdiyini, bunun kifayət olduğuna inandığını söyləyib. 

Bazarların o dövrdə atılan addımlara inanmadığını söyləyən Sassi, əlavə edib: "Aİ-nin qaz anbarının hazırkı vəziyyəti 2022-ci ildə böhranın zirvəsinə çatdıqdan sonra həyata keçirilən qaz təhlükəsizliyi siyasətlərinin uğursuzluğunun ən yaxşı və eyni zamanda ən pis ifadəsidir". 

Aİ-yə üzv olan 27 ölkədən 18-də təbii qaz anbarları var. Ən yüksək qaz saxlama qabiliyyəti Avropanın aparıcı iqtisadiyyatı Almaniyadadır. 

Almaniyanın təbii qaz anbarlarının ümumi tutumu 25,1 milyard kubmetrdir. Bu ölkəni 20,2 milyard kubmetrlə İtaliya, 14,7 milyard kubmetrlə Hollandiya, 13,2 milyard kubmetrlə Fransa, 9,8 milyard kubmetrlə Avstriya və 6,9 milyard kubmetrlə Macarıstan izləyir. Bundan əlavə, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, İspaniya, Xorvatiya, Polşa və Rumıniya kimi ölkələrin də təbii qaz saxlama qabiliyyəti var. Avropanın ümumi təbii qaz anbar tutumu təxminən 113 milyard kubmetrdir. 

Digər tərəfdən, Avropada qaz çənlərinin dolu olduğunu göstərən müxtəlif rənglər dəyişdirilib. Əvvəllər 71-100 faiz doluluq yaşıl rənglə göstərilib, “etibarlı”, 51-70 faiz doluluq sarı rənglə, 50 faizdən aşağı olanlar isə “təhlükəli” hesab edilən qırmızı rənglə göstərilib. Bu ayın əvvəlində edilən dəyişikliklə 41-100 faiz doluluq "etibarlı", 31-40 faiz "diqqətəlayiq", 30 faizdən aşağı olanlar isə "təhlükəli" hesab edilib. Sözügedən addımın panikanın qarşısını almaq üçün atılmış ola biləcəyi bildirilir. 

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr