Bakı, 11 fevral, AZƏRTAC
“İnkişaf Kubokunda məqsədimiz komanda şəkilində maksimum dərəcədə uğurlu çıxış etməkdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev bu gün başlayan təlim-məşq toplanışı ilə bağlı AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O, hazırlığın fevralın 14-dək Bakıda təşkil olunacağını söyləyib: “Toplanışımız ayın 14-dən Minskdə davam edəcək. Hazırda ölkə çempionatında iştirak edən futbolçulara üstünlük vermişik. Eyni zamanda, İspaniyanın “Marset” komandasından 5 futbolçu dəvət etmişik”.
Fevralın 16-dan 22-dək Belarusda təşkil olunacaq İnkişaf Kuboku turniri barədə də danışan baş məşqçi B qrupunda Rusiya, İran və Qazaxıstan yığmaları ilə keçiriləcək matçlara yaxşı hazırlaşdıqlarını deyib: “İlk görüşümüz Rusiya seçməsinə qarşı olacaq. Rəqibin oyunu təhlil etmişik. Ümumiyyətlə, rəqiblərimiz yaxşı komandalardır və turnirin səviyyəsi yüksəkdir. Heyətə cəlb olunan yeni oyunçuları sınamaq istəyirik. Rusiya ilə matçın ertəsi günü İran kollektivi ilə üz-üzə gələcəyik. Qısa müddətdə ardıcıl görüşlərə çıxmaq çətinlik yarada bilər. Ancaq ümumilikdə belə qarşılaşmalar futbolçularımız üçün böyük təcrübədir. İnkişaf Kuboku martda baş tutacaq Avropa çempionatının 2024/2025-ci illər mövsümünün ikinci mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyır. Martın 19-da Albaniya, 22-də isə Uels yığması ilə qarşılaşacağıq”.
Mütəxəssis əsas diqqətlərinin məhz Albaniyada keçiriləcək həmin matçlara yönəldiyini və yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Qeyd edək ki, “U-17 İnkişaf Kuboku çərçivəsində fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstan komandası ilə qarşılaşacaq. Turnirdə həlledici görüşlər fevralın 21-də keçiriləcək.