AZ

Qadınlardan ibarət millimiz oğlanlarla oynayacaq – baş məşqçi

“Belarusdakı təlim-məşq toplanışından yenicə qayıtmışıq”.

İdman.biz xəbər verir ki, bunu 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev deyib.

O, AFFA.az saytına açıqlamasında fevralın 10-da başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib. Ağayev fevralın 14-dək Bakıda təşkil olunacaq hazırlıq çərçivəsində bir yoxlama görüşü keçirəcəklərini söyləyib: “Orada 2 yoxlama oyunu keçirmişdik. Həmin hazırlıq hansı sxemlərdə oynamağımız baxımından bizə çox kömək oldu. Artıq iki gündür toplanmışıq. Seçmə mərhələyə fevralın 14-dək Bakıda hazırlaşacağıq. Ayın 13-də oğlanlardan ibarət ROFM komandası ilə yoxlama görüşü keçirməyimiz nəzərdə tutulub. Ümumilikdə hazırlığımız yaxşı keçir, qızlarda əhval-ruhiyyə yüksəkdir. Sevindirici haldır ki, zədəli oyunçumuz yoxdur”.

U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının II seçmə mərhələsində iştirak edəcək. Baş məşqçi B qrupundakı rəqiblər Şimali İrlandiya, Albaniya və Monteneqro yığmalarını da dəyərləndirib: “Rəqibləri təhlil etmişik. Şimali İrlandiya və Monteneqro çox güclü komandalardır. Onlar qrupun favoriti hesab olunurlar. Buna baxmayaraq, biz də layiqli mübarizə aparmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Belə turnirlərdə ilk oyundan çox şey asılı olur. Biz isə birinci matçımızı Şimali İrlandiya yığmasına qarşı keçirəcəyik. Hazırda bütün diqqətimizi həmin oyuna yönəltmişik. Yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.

Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində fevralın 18-də Şimali İrlandiya, 21-də Albaniya, 24-də isə Monteneqro komandası ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
2
5
idman.biz

8Mənbələr