AZ

Məcidova bacılarını oğurlayan şəxs izsiz yoxa çıxan ferma sahibinin çobanı olub – SENSASİON DETALLAR

“Atamın itkin düşməsi ilə bağlı Şabran Rayon Prokurorluğunda müstəntiq Xəlil Seyidov araşdırma aparır. Hələ ki, heç bir nəticə yoxdur”.

Bu sözləri  Sülhər Müslümov deyib.

Sülhər Müslümov 2023-cü il mayın 21-də, səhər saat 4-də yaşadığı ünvandan naməlum şəxs tərəfindən çağırılan, o gündən sonra müəmmalı şəkildə yoxa çıxan kiçik sahibkar, ferma sahibi Ənvər Müslümovun oğludur.

ANVER.jpeg

Onun sözlərinə görə, atası Ənvər Müslümovun itkin düşməsindən sonra, ötən 2 il ərzində onun hər hansı bir sorağını ala bilmirlər:

“Atam kiçik sahibkardır. Əkinçilik və heyvandarlıqla məşğuldur. Fermamızda 70-ə yaxın iribuynuzlu heyvan var. Əvvəllər heç zaman belə hadisə olmayıb ki, atam harasa getsin, bizə bu barədə xəbər verməsin. Həmin gün səhər saat 4-də atam öz maşını ilə evdən çıxıb. Həmin gün biz onun maşınını səhər saat 7 radələrində fermanın yaxınlığında tapdıq. Maşının qapıları açıq, faraları yanırdı. Sənədləri, gödəkçəsi də maşında idi. Telefonu özündə olub. Yoxladılar, məlum oldu ki, səhər 4-də evdən çıxıb, 5-ə qalmışa kimi telefon açıq olub. Telefon o söndürüləndir, bu günə qədər də bağlıdır”.

Sülhər Müslümov deyir ki, hadisə baş verən gün atası evdən çıxanda həyat yoldaşı yuxudan oyanıb. Lakin onu kimin çağırdığını, kiminlə getdiyini bilməyib. Bundan başqa hər hansı bir məlumat yoxdur.

– Atanız, atanızdan illər öncə isə qonşu Dağbilici kəndindən Məcidova bacıları itkin düşüb. Bu hadisələr əlaqəli ola bilərmi?

– Bilmirəm.

– Qonşu Dağbilici kəndindən Məcidova bacıları itkin düşəndən sonra atanızı bu işlə bağlı çağırıb dindiriblərmi?

– O hadisə olanda mən əsgərlikdə idim. O mövzuları bilməmişəm. Bir az da ondan peşmanlıq çəkirəm ki, gərək o zaman burada olardım, xəbərim olardı.

– İstintaq nə deyir?

– Hər dəfə araşdırma getdiyini deyirlər.

– Dediniz ki, atanız həmin gün evdən çıxandan sonra telefonu təxminən 40-45 dəqiqə işlək olub. İstintaq telefon-anten məlumatlarını incələyibmi?

– Araşdırıblar, telefon elə kəndin ərazisində olarkən söndürülüb, setdən itib. Fermanın yaxınlığında telefonun dalğası o itəndir.

– Maşından nəsə götürülübmü?

– Heç nə götürülməyib. Ümumiyyətlə, nəsə oğurlanmayıb, kimsə də bizim malımıza əl vurmayıb.

– Atanız itkin düşəndən 16 il öncə Şabranın Dağbilici kəndindən Məcidova bacıları itkin düşmüşdü. Onların valideynləri ilə əlaqəniz, münasibətiniz varmı?

– Biz Bakıda yaşayırıq deyə, kənddə o qədər də əlaqəmiz yoxdur. Ayda 1-2 dəfə kəndə gedib gəlirdik. O zaman biz Bakıya köçüb burada yaşamalı olduq ki, təhsil ala bilək. Atam baba və nənəmə görə kənddə qalmalı oldu. Mən bilən, olmayıb.

– Məlumdur ki, Şabranın dağlarında, səfalı yerlərdə dəbdəbəli malikanələr var. Atanızın həmin malikanə sahibləri ilə ünsiyyəti, əlaqəsi vardı?

– Atam çox danışan adam da deyildi, açıb ürəyini danışmırdı. Hər hansı bir problemi, sıxıntısı olanda mənimlə bölüşürdü, danışırdı. Mənim bildiyim qədər, yox idi. Planlar qururdu, amma çalışırdı ki, o planları bölüşməsin. İşi görüb qurtarırdı, açıb deyirdi. Məsələn, torpaq alırdı, bundan sonra deyirdi ki, filan yerdə torpaq almışam.

– Ferma qurana qədər harada işləyirdi?

– 1998-ci ilə qədər indiki Azərbaycan Avtomobil Yolları Agentliyində işləyib. Sonra da kiçik sahibkarlıqla məşğul olub. Yəni kimləsə bir problemi olmayıb. Ən azı harasa getsəydi, bir məktub yazardı, biz də bilərdik ki, hardadır. Atamızın yolunu hər gün, hər saat gözləyirik. Gözümüz qapıda, yollardadır. Yazıb qoysaydı ki, bala, bu iş gəlib başıma, mən getdim. Biz də düşünərdik ki, həyatdır, qismətdir, bizim də qismətimiz belədir. Belə isə gözümüz qapıda, qulağımız səsdədir. 2 il keçib, hələ də atamın nömrələrinə kontur yükləyirəm ki, bəlkə nə vaxtsa, haradasa olar, zəng eləməyə imkanı olar, zəng etmək üçün konturu olsun. Gözləyirik ki, nəsə bir məlumat olar.

– Məcidova bacılarının oğurlanmasına görə zamanında İsmayılov qardaşları həbs olunmuşdu. Onlarla tanışlığınız vardı?

– İsmayılov qardaşları da bizim Qələgah kəndindəndirlər.

– Atanızın onlarla tanışlığı vardı?

– Bu gün ömürlük həbsdə olan Təvəkkül zamanında bizim fermada çoban olub.

– Məcidova bacıları itkin düşəndə Təvəkkül İsmayılov fermanızda çoban olub.

– Təvəkkül bizim çoban olub, amma həmin qızlar itkin düşəndə bizim fermada işləyib-işləməyib, bunu bilmirəm. Çünki o vaxt mən əsgərlikdə olmuşam.

ENVER.jpeg

– Dağbilici kəndi ilə sizin Qələgah kəndi arasında məsafə nə qədərdir?

– Dağbilici bizim kəndin qonşuluğunda yerləşir. Ora yol düz bizim fermanın yanından keçib gedir. Piyada 10-15 dəqiqəlik yoldur. Dağbiliciyə bizim fermanın yanından yol qalxır.

– Dağbilicidə 2 yeniyetmə qız itib. Üstündən illər keçir və atanız da eyni şəkildə yoxa çıxır. Sizcə, bu məsələlər arasında əlaqə ola bilərmi?

– 2 ilə yaxındır ki, atamdan xəbər yoxdur. Heç cür qərarlaşdıra bilmirəm ki, necə olub ki, atam belə yoxdur. Nə olub, necə olub, heç nə bilmirəm.

– Əvvəllər sizin kənddə və qonşu kəndlərdə insanlar itkin düşüb?

– Eşitməmişəm. Belə bir hal barədə məlumatsızam.

– Atanız kənddə əsasən nə işlə məşğul olurdu?

– Atam əsasən fermada olurdu. Həftənin 3-4 günü süd-qatığı Şabranda dükan-bazara verirdi. 5-6 və bazar günü də mənə Bakıya göndərirdi, məhsulu Bakıda satırdıq. Atamla gündəlik danışırdıq, hər nə olurdusa, mənə deyirdi. Bu günə qədər 1 adam mənə yaxınlaşıb nəsə deməyib, zəng edib nəsə soruşan da yoxdur.

Atamın alver etdiyi adamlar vardı, süd-qatığı verib sonra pulları yığırdı. Kiminsə bizə borcu, bizim kiməsə borcumuz da olmayıb. Hər həftə, hər ay özü üçün “otçot” aparırdı və dəftərə yazırdı. Atam itən günə qədər fermada 70-ə yaxın inək və dana vardı. Yəni öz işi ilə məşğul olurdu, kimsənin işinə qarışmırdı, onun da işinə qarışan yox idi.

Xatırladaq ki, Şabranın Qələgah sakini Ənvər Gülməmməd oğlu Müslümovun itkin düşməsindən 2 ilə yaxın vaxt keçir.

1958-ci il təvəllüdlü Ənvər Müslümov 2023-cü il mayın 21-i səhər saat 4 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Məlum olan budur ki, ferma sahibi olan Ənvər Müslümov həmin sübh tezdən yaşadığı evdən onu çağıran şəxslə birgə özünün idarə etdiyi “Mercedes”lə naməlum istiqamətə gedib. Bundan sonra Ənvər Müslümovu gördüm deyən olmayıb.

Ailə üzvləri onu xeyli axtarandan sonra kənd ərazisində avtomobilini aşkar ediblər. Ənvər Müslümov itkin düşəndən sonra yaxınları hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Daxili İşlər Nazirliyi Ənvər Müslümovun fotosunu yayaraq onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994) 70 233 27 23 mobil nömrəsinə zəng edərək məlumat vermələri istənilirdi. Lakin Ənvər Müslümovdan hələ ki, hər hansı bir xəbər yoxdur.

Maraqlıdır ki, Ənvər Müslümovun müəmmalı şəkildə itkin düşməsindən illər əvvəl onun yaşadığı kəndin qonşuluğundakı Dağbilici kəndində də oxşar müəmmalı olay baş vermişdi. O zaman 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacıları itkin düşüblər. 2007-ci ildə ölkə gündəmini silkələyən bu tükürpərdici olayla bağlı bu gün də ziddiyyətli məlumatlar var. Ortada olan məlumatlardan bilinən odur ki, bacılar 2007-ci ilin avqustunda yaşadıqları kəndin ərazisində itkin düşüblər. Bundan sonra, həmin il avqustun 9-da Samur-Abşeron kanalında meyit tapılıb.

İstintaq belə qənaətə gəlib ki, aşkarlanan Nailə Məcidovanın meyitidir. Lakin Məcidovaların atası Zamir Məcidov aşkar olunan meyitin onun qızı olmadığını iddia edib. Onun dediklərindən sitat:

“Yazıblar ki, guya Nailənin meyiti tapılanda barmağında üzük olub. Amma həmin meyit çıxarılanda atam orada olub, deyir ki, onun əlində üzük yox idi. Meyitin boyu və çəkisi Nailəyə uyğun gəlmir. Dedilər ki, suda qalıb, şişib və meyit uzanıb. Biz də deyirik ki, şişibsə, dediyiniz üzüyü barmağından necə çıxarmısınız? Deyirlər ki, barmağını kəsib çıxarmışıq. Amma meyit basdırılanda da, ekshumasiya olunanda da gördük ki, barmaq kəsilməyib. O meyit tapılanda tanınmaya təqdim olunmadı, fikrimiz soruşulmadı”.

Məcidovlar ailəsi həmin meyitin Nailəyə məxsus olduğuna inanmır. O ki qaldı 7 yaşlı Reyhanəyə, indiyədək onun nə ölüsündən, nə də dirisindən xəbər var.

Şabranda isə bu işlər arasında əlaqənin olmasına inananlar az deyil. Rayon sakinlərində belə bir fikir var ki, Ənvər Müslümov Məcidova bacılarının itkin düşməsi ilə bağlı hansısa məlumatlara, bilgilərə sahib olub. Müəmmalı şəkildə itkin düşməsini də bununla əlaqələndirirlər. Hər halda bu versiyanın yoxlanması zərurəti ortadadır. Şabran dağlarında yerləşən kəndlərdən insanların izsiz-tozsuz itməsinin bu istiqamətdə araşdırılması müəyyən ipuclarını ortaya çıxara bilər.

Məcidova bacılarının oğurlanması epizodu Təvəkkül, Elnur, Elçin İsmayılov qardaşlarının cinayət işində vardı. İsmayılovların cinayət işi üzrə 11 zərərçəkmiş şəxs müəyyən edilsə də, Məcidova bacılarının valideynləri məhkəməyə gəlmirdilər.

İttiham aktına əsasən, İsmayılov qardaşları Məcidova bacılarından başqa digər qızları da zorlayaraq qətlə yetiriblər. Elnur İsmayılov ilə qardaşları Təvəkkül və Elçinə 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxunub. Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov qəsdən adam öldürmə, zorlama, adam oğurluğu və digər maddələrlə təqsirli bilinərək ömürlük, Elnur İsmayılov 144.3 (adam oğurluğu), 29, 149.3.3 (zorlama), 178.2.4 (dələduzluq) maddələri ilə bəraət alaraq, 221.2.1 (xuliqanlıq) maddəsi ilə 6 il həbs cəzası, Elçin İsmayılov isə 149.2.3 (zorlama), 221.2.1 (xuliqanlıq) maddələri ilə bəraət alaraq 221.2.2 (xuliqanlıq) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdilər.Musavat.com

Seçilən
2
1
veteninfo.az

2Mənbələr