AZ

"Ankara dəstək verməsə, Dəməşqin ölkədəki silahlı qruplarla mübarizə imkanları zəif qalacaq"

"Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra Suriyanın idarəetməsini əlinə alan Əhməd Əl-Şaranı çətin günlər gözləyir. Yeni prezident vətəndaş müharibəsi nəticəsində dağılmış ölkənin yenidən qurulmasını həyata keçirilməlidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, Əhməd Əl-Şara bu məsələdə zəngin ərəb ölkələrinə ümid edir:

"Suriya xalqının əsas istədiyi xarabalığa dönən ölkənin yenidən bərpasıdır, sosial ədalətin olduğu bir dövlətin qurulmasıdır. Onun ilk ziyarətini  Səudiyyə Ərəbistanına etməsindəki əsas məqsəd də məhz budur. Suriyanın yeni hökuməti ölkəyə investisiya axını cəlb etmək üçün bütün imkanlarını səfərbər etməlidir. Səudiyyə Ərəbistanla bərabər Suriya BƏƏ, Qətər və Küveyt kimi zəngin ölkələrə də ehtiyacı var. Onlar Suriyanın dirçəldilməsinə yardım etməyə hazırdılar. Bunun əsas səbəbi isə İranın bu bölgədə güclənməsinin qarşısını almaqdır. Bu ölkələr yaxşı bilirlər ki, əgər Əl-Şara hökumətinə lazımi dəstək verilməsə İranın dəstəklədiyi qüvvələr ölkə daxilində çevriliş edə bilər. Təsadüfi deyil ki, yeni hökumət İranın ölkədəki hərbi varlığını ən böyük təhdid adlandırmışdı. Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra Hizbullah Suriya daxilində bir neçə təxribat həyata keçirməyə cəhd edib. Eyni zamanda ölkə daxilində xırda qruplar vasitəsi ilə də İran indiki hökumətə qarşı təzyiq siyasətini həyata keçirir".

zeynal

Politoloqun fikrincə, təhlükəsizlik və  xarici siyasət məsələsində Suriya Türkiyədən asılıdır.

"Əgər Ankara dəstək verməsə Dəməşqin ölkədəki silahlı qruplarla mübarizə imkanları zəif qalacaq. Türkiyə də eyni zamanda Suriyada qanunsuz silahlı qrupların fəaliyyəti göstərməsini arzulamır. Ankara PKK və onun uzantılarının bölgədən çıxarılmasına çalışır. Əl-Şara hökuməti Türkiyənin bu siyasətini dəstəkləməlidir. Yeni hökumətin beynəlxalq birliklə münasibətlərinin qurulması məsələsində də Türkiyəyə ehtiyacı var. Ankaranın öz qonşusundan gözlədiyi terror qruplarını ərazisindən çıxarmasıdır. Türkiyə yaxşı başa düşür ki, Suriyanın imkanları çox da güclü deyil və qısa zamanda Qərbdən və İsraildən güclü dəstəyi olan bu qrupları məhv edə bilməz. Ancaq Ankara bu məsələni vaxtında həll etməlidir. Çünki Suriyanın yenidən qurulması zamanı Qərb ölkələri burda kürd admistirasiyası yaratmaq istəyir. Türkiyə özünün terrorçu kimi tanıdığı şəxslərin qonşuluğunda dövlət yaratmasını qəbul edə bilməz. Buna görə Suriyada PKK və ona bağlı təşkilatlara qarşı güclü bir əməliyyat labüdür. Əhməd Əl-Şara öz yaxın müttəfiqinə bu məsələ lazımi dəstəyi verməlidir. Əgər Suriya hökuməti fərqli mövqe sərgiləyərsə, bu ümumilikdə regionun gələcəyini təhlükə altına qoyacaq", - deyə Z.Əmrəliyev vurğulayıb.

Türkan İSGƏNDƏRLİ

Seçilən
9
redaktor.az

1Mənbələr