AZ

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 33%-ə yaxın artıb

Bakı. TurkicWorld:

Ötən il Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 647 milyon ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 159,7 milyon ABŞ dolları və ya 32,8% çoxdur.

Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.

Ötən il Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 299 min ABŞ dolları və ya 2,1% azdır. Dövr ərzində İran ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib.

2024-cü ildə Azərbaycan İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8% artıraraq, 633 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İran ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 3,01%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Məlumata görə, bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır.

Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Seçilən
10
14
turkic.world

10Mənbələr