AZ

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

Paris, 11 fevral, AZƏRTAC

“Transparency International” qeyri-hökumət təşkilatının (QHT) 2024-cü il qlobal reytinqinə görə, Fransa əvvəlki illə müqayisədə beş pillə geriləyərək, 25-ci yerdə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, qeyri-hökumət təşkilatı özünün Korrupsiya Qavrama İndeksində (CPI) Fransada vəziyyətin təhlükəli olduğunu və görünməmiş dərəcədə pisləşdiyini açıqlayıb.

Fransa dünya reytinqində əvvəlki illə müqayisədə 5 pillə geriləyərək Almaniyadan 10 pillə geridə - 25-ci yerdədir. Hazırda ölkə korrupsiyaya nəzarəti itirmək riski altında olanlar arasında təsnif edilir. “Bu vəziyyət 1995-ci ildə indeksin yaradılmasından bəri görünməmiş bir hadisədir”, - deyən QHT qeyd edir ki, Fransanın mövqeyi on ildir durğunluq vəziyyətindədir. QHT hesab edir ki, bu xəbərdarlıq siqnalı institusional böhran kontekstində Fransada dürüstlüyə qarşı hücumların artdığını nümayiş etdirir. 2017-ci ildən bəri 26 nazir siyasi-məhkəmə işlərinə cəlb olunub. Bu yaxınlarda hökumətin əsas xadimləri - Aleksis Kohlerə irəli sürülən ittiham prezident administrasiyası daxilində nümunəvilik prinsiplərinin zəiflədiyini əks etdirir. Təhqiqat altında olan nazirin istefası tələb olunduğu halda o, ilkin olaraq Fransa prezidenti tərəfindən tamamilə müdafiə olunub. Bu vəziyyət fransızları daha da qəzəbləndrib.

QHT, həmçinin 2007-ci il prezidentlik kampaniyasının Liviya maliyyələşdirməsinə dair məhkəmə prosesini və Milli Maliyyə Prokurorluğu tərəfindən 2017 və 2022-ci illərdə Emmanuel Makronun kampaniya hesabları ilə bağlı iki məhkəmə araşdırmasının açılmasına istinad edərək, Fransada siyasi həyat məsələsinin yenidən gündəmə gətirildiyini bildirir. Bundan əlavə, QHT hesab edir ki, 2024-cü ildə bir neçə ay ərzində Antikorun (Anticor- anti-corruption) yenilənməməsi dövlət orqanları tərəfindən təhlükəli kənara çıxmaları göstərir. O, “Milli Maliyyə Prokurorluğunun resurslarının gücləndirilməsinə çağırış edib.

“Transparency International” Fransa hökumətini korrupsiyaya və həqiqətə hücumlara qarşı mübarizədə təcili, partiyalararası tədbirlər görərək bu böhrana cavab verməyə çağırıb.

QHT, eyni zamanda, Təşviqat Hesabatları və Siyasi Maliyyələşdirmə üzrə Milli Komissiyanın monitorinq səlahiyyətlərinin genişləndirilməsini tövsiyə edib və Milli Maliyyə Prokurorluğunun resurslarının gücləndirilməsinə çağırışlar edib.

Seçilən
24
azertag.az

1Mənbələr