AZ

Polis sosial şəbəkədə onlayn qumar təşkil edən dəstəni necə yaxaladı? VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib.

Xezerxeber.az xəbər verir ki, müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə dəstəyə başçılıq edən 45 yaşlı Elçin Quliyev, 39 yaşlı Orxan Məmmədov və daha 4 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar. Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır. Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər. Əməliyyat zamanı aşkar edilən 1000-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayətkar fəaliyyətdə istifadə olunub.

Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 30-dan artıq mobil telefon nömrəsi, 2 milyon manat nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10 milyon manatdan artıq olduğu aşkarlanıb.

Elçin Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb. O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. Onun həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizli sövdələşmələr həyata keçirdiyi də məlum olub. Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şəbəkəyə başçılıq edən Elçin Quliyev və daha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
49
xezerxeber.az

10Mənbələr