USAID -ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Tramp hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması barədə xəbər başlıqlarına nəzər yetirirəm:
-Agentliyin dağıdılması milyardlarla ayrılan vəasitin nəzarətsiz qalması deməkdir.
-Milyardlarla ölçülən qida yardımı xarab olacaq.
-Agentliyin minlərlə əməkdaşı işsiz qalacaq.
Bəli, ola bilər, bunların hamısı aktual xəbərdir. Amma Ağ Evin bu qərarını ciddi təhlillə anlatmağa çalışan yazılara az rast gəlirəm. İnformasiya məkanı qərəzlə doludur.
Xatırlatmağa dəyər ki, 1960-cı illərin əvvəlində ABŞ adından humanitar yardım proqramları həyata keçirən qurum “From American People”- “Amerika xalqı adından” devizi altında işləyərək Birləşmiş Ştatların yumşaq güc aləti idi. Bu missiya altında bir sıra istiqamətdə, o cümlədən digər ölkələrdə təbii fəlakət hallarında, yoxsulluğa yardım, həmin ölkələrlə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı texniki əməkdaşlıq, sosial-iqtisadi inkişaf adı ilə çoxsaylı yardım proqramları həyata keçirilirdi.
Müasir dünyanın siyasi mənzərəsinə aparan son onilliklərin dəyişiklikləri onu deməyə əsas verir ki, Sovet nüfuzuna qarşı mübarizə aparan Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyəti artıq çoxdan Kennedi hakimiyyətinin onun üzərinə qoyduğu missiyaya uyğun gəlmir.
ABŞ-ın yumşaq gücü əvəzinə Agentliyin bəzi proqramları müxtəlif ölkələrdəki daxili debata açıq olan məsələlərdə mövqe formalaşdırmağa yönlənmiş yumşaq küt alətə çevrilmişdir.
Lakin bunun xarici ölkələrdəki səmərəsi məsələsini də kənara qoysaq, Amerika hakimiyyəti Agentliyin qarşısında qoyulan missiyanın çoxdan dəyişdiyini və buna yatırımlar etməyin mənasız olduğunu anlayır.
ABŞ dünyadakı yumşaq gücünü bərqərar etmək üçün digər, bəlkə də, daha müasir alətlərə müraciət etməlidir.
Elə bu gün xəbərlərdə Meksika Körfəzinin bir anda heç kiminlə dəqiqləşdirilmədən ABŞ-ın Google şirkəti tərəfindən Amerika Körfəzi adlandırılması barədə başlığı görmək buna kifayət sübutdur.