AZ

“Qış nağılı” sona yetdi

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirən “Qış nağılı” öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. Dörd gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər çıxış ediblər. Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, Bakı Kamera Orkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya”, Polşanın “Glassduo” ansambllarının konsertlərini, Azərbaycanın və xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə ediblər.

“Qış nağılı”nın son akkordları isə fevralın 10-da axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində vurulub. Festivalın yekun konsertində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblı tamaşaçılara Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət möhtəşəm proqram təqdim ediblər. Ansamblın təqdim etdiyi Azərbaycan kinofilmlərinin musiqiləri əsasında popurilər, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Yenilməz batalyon” kinofilmindən mahnı, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər nömrələr tamaşaçıların ürəyincə olub.

XQ

Seçilən
0
6
xalqqazeti.az

10Mənbələr