AZ

Trampın müşaviri Moskvadan əlidolu qayıtdı

Donald Trampın Yaxın Şərq üzrə müşaviri Stiv Vitkoff azad edilmiş Amerika vətəndaşı Mark Vogellə birlikdə Rusiyanı tərk edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valzın dərc etdiyi rəsmi bəyanatda deyilir. Valzın sözlərinə görə, Vogel mübadilə nəticəsində azad edilib, lakin onun konkret olaraq kiminlə mübadilə edildiyi göstərilməyib.

Bəyanatda qeyd edilir ki, Amerika hakimiyyəti bu addımı Rusiyanın xoş məramının təzahürü, habelə Ukrayna münaqişəsinin həlli yolunda müsbət siqnal kimi qiymətləndirir. Vogelin azadlığa buraxılması ilə bağlı müzakirələr prezidentlər səviyyəsində aparılıb, danışıqlarda Donald Tramp və onun ən yaxın müşavirləri, o cümlədən Stiv Vitkoff iştirak edib.

Bundan əvvəl Rusiya KİV-ləri Vitkoffla əlaqəli şəxsi təyyarənin Moskvaya enməsi barədə məlumat yayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kremldə ABŞ Prezidenti Donald Trampın ən yaxın adamlarından biri olan Stiv Vitkoffun Moskvaya mümkün gəlişi ilə bağlı məlumat yoxdur.

Mark Vogel əvvəllər ABŞ-nin Rusiyadakı səfirliyində işləyib, lakin həbs olunarkən Moskvadakı Anglo-Amerikan Məktəbində müəllim olub və diplomatik statusu olmayıb. 2021-ci ilin avqustunda o, Moskvanın Şeremetyevo hava limanında Rusiyaya 11 qram marixuana və 8 qram həşiş yağı gətirmək istəyərkən saxlanılıb. Vogelin özünün dediyinə görə, o, onurğa sütununda cərrahiyyə əməliyyatı keçirdikdən sonra onlardan tibbi məqsədlər üçün istifadə edib və bu, onun tibbi sənədlərindəki qeydlə təsdiqlənib. Vogel Rusiyada tibbi marixuananın qadağan olunduğunu bilmədiyini iddia edib.

2022-ci ildə Rusiya məhkəməsi Vogeli narkotik qaçaqmalçılığı ittihamı ilə 14 il həbs cəzasına məhkum edib. 

Seçilən
10
cebheinfo.az

1Mənbələr