AZ

Xosep Qvardiola “Mançester Siti” ilə 2 antirekorda imza atdı

İngiltərənin “Mançester Siti” komandasının ispaniyalı baş məşqçisi Xosep Qvardiola özünə məxsus antirekordu təkrarlayıb.

Arena.az xəbər verir ki, bu, “şəhərlilər”in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə İspaniya təmsilçisi “Real”a uduzması (2:3) nəticəsində gerçəkləşib.

İspaniyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv bu mövsüm bütün turnirlərdə 12-ci dəfə uduzub. Hazırkı İngiltərə çempionu 2019/2020-ci illər mövsümündə də eyni sayda məğlubiyyət almışdı.

“Mançester Siti” isə Xosep Qvardiolanın rəhbərliyi altında ən pis göstəricisinə imza atıb. Belə ki, Madrid klubu İngiltərə Premyer Liqası təmsilçisinin qapısına 20 zərbə endirib və bunlardan 8-i “çərçivə”yə düşüb. Bu, ispaniyalı baş məşqçinin rəhbərliyi dönəmində “Mançester Siti”nin ev oyunlarında buraxdığı zərbələr üzrə antirekorddur.

Qeyd edək ki, “Real” və “Mançester Siti” arasında cavab qarşılaşması fevralın 19-da İspaniyada keçiriləcək. Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək oyuna gecə yarısı start veriləcək.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin İngiltərə klbubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 510 oyun keçiriblər, 368 qələbə qazanıblar, 64 heç-heçə ediblər, 78 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1285:482 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Seçilən
10
arena.az

1Mənbələr