AZ

“Hərbi doktrina”ya və “Milli Təhlükəsizlik Konsepsiyası”na dəyişiklik edilməlidir – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI

“Ermənistanın baş naziri Nikol Paşinyanı sülh sazişinin imzalanması üçün Konstitusiyada zəruri dəyişikliyə necə vadar etmək olar? Rəsmi Bakı “Milli Təhlükəsizlik Konsepsiyası”na və “Hərbi doktrina”ya dəyişikliklər edəcəyini və həmin sənədlərə Qərbi Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu və buna uyğun siyasət aparacağı bəndini əlavə edəcəyinin anonsunu verməlidir. Parlamentdə bu müzakirəyə çıxarıla bilər. Bu halda Paşinyan anlamalı olacaq ki, əgər Konstitusiyadan Azərbaycan ərazisinə iddia edilən bəndi qısa müddətdə çıxarmasa, rəsmi Bakı da iki vacib dövlət sənədinə Qərbi Azərbaycanla bağlı bənd əlavə edəcək. Paşinyan bunu istəmirsə, Ermənistan Konstitusiyasında zəruri dəyişikliyi sürətləndirməli olacaq”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu öz sosial media hesabında bildirib.

Mövzu ilə bağlı hərbi ekspert Abuzər Əbilov Avtosfer.az-a açıqlamsında bildirib ki, Hərbi doktrina milli təhlükəsizliyin təminatı strategiyasının əsas tərkib hissəsidir:

“Bu strategiya cəmiyyətin və dövlətin hərbi təhlükəsizlik sisteminə konseptual əsasları müəyyənləşdirən ən əhəmiyyətli sənəddir. Sadə dildə desək, bu doktrina dövlətin xarici müdaxilələrə və potensial təhlükələrə qarşı həyata keçirəcəyi tədbirlər toplusudur.

Hərbi doktrina uzunmüddətli perspektivdə qəbul edilir və zamanla yenilənir. İlk dəfə ümummilli lider Heydər Əliyevin dövründə təsdiqlənmiş bu strateji sənəd qlobal dəyişikliklər, təhlükəsizlik tələbləri və beynəlxalq münasibətlər sistemindəki yeniliklərə uyğun dövri olaraq təkmilləşdirilir. Müasir dövrdə dünyada baş verən siyasi, iqtisadi və hərbi dəyişikliklər hər bir dövlət üçün yeni çağırışlar yaradır və bunun nəticəsində hərbi doktrinanın aktuallaşdırılması zərurətə çevrilir.

Azərbaycan Respublikasının təhlükəsizliyi hazırda yüksək səviyyədə təmin edilir və Hərbi doktrinada nəzərdə tutulan müddəalar uğurla icra olunur. Bununla belə, qlobal və regional mühitdə baş verən dəyişikliklər – sərhədlərimizdəki vəziyyət, geosiyasi gərginliklər və yeni təhlükəsizlik riskləri hərbi doktrinanın modernləşdirilməsini labüd edir”.

Ekspert əlavə olaraq bildirib ki, Azərbaycanın 2000-ci ildəki imkanları ilə 2025-ci ildəki gücü müqayisə olunmaz dərəcədə fərqlidir:

“İndi ölkəmiz daha böyük hərbi və iqtisadi potensiala, geniş beynəlxalq tərəfdaşlıqlara və daha möhkəm strateji mövqeyə malikdir. Bu reallıq təhlükəsizlik konsepsiyasının və hərbi doktrinanın yenilənməsini vacib edir.

Dövlətin hərbi-strateji sənədləri mövcud və gələcək təhlükələrə qarşı çevik reaksiyanı təmin etməlidir. Sabah milli təhlükəsizliyimizə yeni təhdidlər yaranarsa, bu, hərbi doktrinamızın və təhlükəsizlik konsepsiyamızın həmin şəraitə uyğunlaşdırılmasını tələb edəcək. Azərbaycanın hərbi strategiyası dövrün tələblərinə uyğun inkişaf edərək, ölkənin suverenliyini və sabitliyini qorumağa xidmət edir”.

Politoloq Natiq Miri saytımıza açıqlamasında deyib ki, həm hərbi doktrina, həm də təhlükəsizlik konsepsiyası zamanla dəyişə bilər:

“Çünki zaman keçdikcə bəzi konsepsiyalar köhnəlir, bəzi hədəflər yerinə yetirilir və yeni strategiyalar müəyyənləşir. Bu baxımdan, əvvəlki mesajlar və planlar yerinə yetirildikdən sonra artıq aktual olmaya bilər. Beləliklə, bu cür konsepsiyalar müasir dövrün tələblərinə uyğun olaraq yenilənməlidir.

Bir dövlətin ali qanunu olan konstitusiya belə dəyişdirilə bilər, buna görə də müəyyən fikirlər və mətinlər müasir hədəflərə uyğun olaraq əvəz edilə bilər. Bu da demokratiya və hüquq baxımından doğru yanaşmalara gətirib çıxarır. Beləliklə, hərbi doktrina və təhlükəsizlik konsepsiyası da istisna deyil və onların dəyişdirilməsi mümkündür.

2020-ci ilə qədər mövcud olan konsepsiya bu gün müəyyən mənada bəzi mətnləri hələ də özündə saxlayır, lakin artıq yerinə yetirilmiş və artıq reallaşan hədəflər mövcuddur. Məsələn, Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və digər məsələlər artıq Azərbaycan üçün yerinə yetirilmiş hədəflərdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi bu kontekstdə artıq uğurla həyata keçirilib”.

Politoloq əlavə olaraq qeyd eib ki, bu səbəbdən Azərbaycan yeni milli mənafelər və maraqlar çərçivəsində daha müasir hədəflər müəyyənləşdirməlidir:

“Bu yeni hədəfləri müəyyən etmək üçün əvvəlki konsepsiyada yer alan bəzi fikirlər və hədəflər aradan qaldırılmalı, yerinə yeni və aktual məsələlər qoyulmalıdır.

Konsepsiyanın dəyişdirilməsi ilə bağlı hər hansı bir problem görmürəm, xüsusilə də nəzərə alaraq ki, 2025-ci il Azərbaycanda suverenlik ili kimi qeyd olunacaq. Bu kontekstdə hər hansı qanunvericilik sənədləri, o cümlədən təhlükəsizlik və hərbi doktrina üzrə zəruri dəyişikliklər edilə bilər və edilməlidir, çünki artıq bunun vaxtı çatıb”.

Siyasi şərhçi Oktay Qasımov isə bildirib ki, hərbi doktrina və təhlükəsizlik konsepsiyasının işlənməsi uzun zaman tələb edən və kompleks bir prosesdir:

“Bu cür sənədlər bir dövlətin təhlükəsizliyinə dair əsas və fundamental prinsipləri əks etdirir. Dövlətin beynəlxalq münasibətlərdə, regional vəziyyətdə və daxili prioritetlərində meydana gələn dəyişikliklər bu sənədlərin zaman-zaman yenilənməsini zəruri edir.

Hesab edirəm ki, Azərbaycanın hərbi doktrinası və milli təhlükəsizlik konsepsiyasının yenilənməsinə ehtiyac vardır. 2023-cü ilə qədər ölkəmizin əraziləri işğal altında idi və Hərbi doktrina məhz bu reallığa uyğun hazırlanmışdı. Lakin 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin antiterror əməliyyatları bölgədəki vəziyyəti ciddi şəkildə dəyişdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Bu dəyişikliklər yeni dövrün tələblərinə uyğun olaraq, mövcud hərbi doktrinanın və təhlükəsizlik konsepsiyasının yenidən nəzərdən keçirilməsini vacib edir. Artıq yeni şərtlər altında bu sənədlərdə müəyyən düzəlişlər və əlavələr edilməsi gərəkir. Dövlətin prioritetləri və hədəfləri dəyişib və bu, hərbi doktrinamızda və təhlükəsizlik konsepsiyamızda əksini tapmalıdır.

Yeni dövrün reallıqlarına uyğun, müasir və təsirli strategiyaların müəyyənləşdirilməsi, ölkəmizin gələcək təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət daşıyır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Eltac Zülfüqaroğlu

Seçilən
4
avtosfer.az

1Mənbələr