Bakı, 12 fevral, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası şəhid Ramazan Göydağlıya həsr olunmuş “Tarix yazan igidimiz” adlı tədbir keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Ramazan Göydağlının həyatı və döyüş yoluna həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova kitabxanada keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz”, “Milli Qəhrəmanlarımızı unutmuruq” layihələri haqqında məlumat verib. Qeyd edib ki, Xüsusi Təyinatlı Qüvvələrin dəstəsi tərkibində yer almağın qürur hissini yaşayan Ramazan Göydağlı tarix yazaraq, qəlblərdə varlığını əbədi olaraq yaşadıb.
Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva Şanlı Zəfərimizin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini xüsusi vurğulayıblar.
Şəhidin ailəsi Ramazan Göydağlı haqqında xatirələrini bölüşüblər.
Qazilər Elşad Musayev, Gülağa Cəfərov, Cəvahir Məmmədova, müharibə veteranı Namiq Quliyev hərbiçilərin müharibədə keçdiyi döyüş yolunun əziyyətli və məşəqqətli olması barədə danışıblar.
Şairlər Qadir Hüseynov və Zeynəb Cəmaləddin “Mən şəhid olmağa gəlmişəm”, “Qələbə müjdəli yurdum” şeirlərini səsləndiriblər.