Son 3 ildə daşınmaz əmlak bazarında qiymətlər intensiv şəkildə artır. 2022-ci ildən başlayan bahalaşma bu il də özünü kəskin formada göstərməkdədir. Eyni zamanda, daşınmaz əmlak bazarı bir çoxu üçün ən sərfəli investisiya sahəsinə çevirir. Paytaxtın gəlirlilik baxımından ən yaxşı daşınmaz əmlakları harada yerləşir?
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu əmlakın mərkəzə olan yaxınlıq və uzaqlıq məsafəsi ilə ölçülür:
“Mərkəzdən kənara getdikcə mənzillərin qiyməti ucuzlaşdığı kimi, onların gəlirlilik dərəcəsi də azalır. Məsələn, “Sahil” metrosunun yanında 100 kvadratmetrlik evi 500 minə alırıqsa, o evin kirayə qiyməti minimum 2000 manatdan başlayır və 2500 manatadək gedib çıxır. Amma “Nərimanov” metrosunun yaxınlığında bu rəqəm eyni ölçüləri olan mənzil üçün təqribən 250-320 min aralığında dəyişir.
Kirayə qiyməti də buna paralel olaraq təxminən 1100-1300 manat civarında dəyişir. Tutaq ki, "Əhmədli", "Həzi Aslanov" ərazisində həmin mənzilin alış qiyməti 180-200 minə düşür və bu halda onun kirayə qiyməti 750-800 manatadək azalır”.
Ekspert qeyd edib ki, hazırda daşınmaz əmlak sektoru investisiya üçün alternativsiz bazardır:
“Bütövlükdə, daşınmaz əmlak bazarında qiymət dəyişmələri və investisiya məqsədi ilə bura qoyulan vəsaitlərin çoxluğu alternativ alətlərin az olması ilə bağlıdır. Səhm və qiymətli kağızlar bazarı o qədər də yüksək inkişaf etməyib. Ona görə də insanlar əsas gəlir yeri kimi yatırımı daha çox daşınmaz əmlaka edir. Bu da təbii ki, daşınmaz əmlakların qiymət artımına təsir göstərən amilə çevrilir”.