AZ

Azərbaycan yetkin neft yataqlarında hasilatı iki dəfə artıra bilər – BCG

Azərbaycan yetkin neft yataqlarında hasilatı iki dəfə artıra bilər.

Bu haqda "Boston Consulting Group"un (BGC) idarəedici direktoru və partnyoru Vladimir Roqov Trend-ə açıqlama verib.

O bildirib ki, Azərbaycandakı yetkin neft yataqlarının əksəriyyəti ən yüksək göstəricilərinə uzun illər əvvəl çatıb.

"Ölkənin enerji hasilat sektoru artıq ciddi çağırışlarla üzləşməkdədir: neft hasilatında azalma əlamətləri müşahidə olunur, qaz hasilatı isə platoya yaxınlaşır. Daha cavan yataqlarda tətbiq olunan dünya praktikasından fərqli olaraq, bu aktivlər hələlik müasir hasilat texnologiyalarından tam şəkildə yararlana bilməyiblər.

Bu cür texnologiyaların aktiv şəkildə tətbiqi həmin yataqların maksimum potensialından istifadə etməyə, onların istismar müddətini uzatmağa və yeni iri kapital qoyuluşlarına zərurət yaranmadan hasilat həcmlərini genişləndirməyə kömək ola bilər", - deyə V.Roqov bildirib.

İdarəedici direktor xatırladıb ki, BCG-nin neft-qaz sənayesində mənfəətliliyin azalması problemlərinə həsr olunmuş beynəlxalq araşdırması çərçivəsində hasilatın artırılması və xərclərin azaldılması strategiyaları hazırlanıb.

"Araşdırmadan əldə olunan bəzi nəticələr bunlardır:

- Hasilatda istismar xərclərinin 2030-cu ilə qədər 700 milyard dollara çatacağı gözlənilir. Bu arada 2020-ci ildən etibarən xərclərin inflyasiyası artıq 25 faizə yüksəlib.

- Xərclərin ixtisarı ilə bağlı təşəbbüslərə baxmayaraq, bir çox şirkətlər dayanıqlı effektə nail olmağın çətinlikləri ilə üzləşiblər.

 

- Strukturlaşdırılmış yanaşma xərclərin 30 faizə qədər azaldılmasını təmin edə bilər", - deyə o bildirib.

Roqovun sözlərinə görə, BCG araşdırmasında göstərilən yanaşmalar mövcud əməliyyat imkanları çərçivəsində hasilat itkisinin və planlaşdırılmamış durğunluqların minimallaşdırılmasına yönəlib, həmçinin, qabaqcıl hasilat texnologiyaları və əməliyyat strategiyaları sayəsində əlavə məhsuldarlıq potensialının aşkarlanmasına kömək olur.

O qeyd edib ki, Azərbaycan üçün bu, xarici neft-qaz şirkətləri ilə müqayisədə daha çox aktualdır.

"Ölkənin yetkin yataqları nəhəng gerçəkləşməmiş potensiala malikdir, lakin hasilatın optimallaşdırılması və xərclərin azaldılması üzrə səylər hələlik ilkin mərhələdədirlər. Biz hasilat səmərəliliyinin artırılması və xərclərin azaldılması sahəsində "asılı qalan meyvələri" təzəlikcə toplamağa başlamışıq. Qlobal neft-qaz sənayesində hasilatın effektivliyinin artırılması tədbirləri hesabına hasilat artımı bir qayda olaraq 2-5% təşkil edə bilər.

Lakin Azərbaycanın imkanları bu baxımdan unikaldır: tarixi xüsusiyyətləri və yetkin yataqların vəziyyəti hesabına hasilat bir çox hallarda iki dəfə artıq da ola bilər. Hasilatın optimallaşdırılması , xərclərin ixtisarı və aktivlərin bərpası mövcud ehtiyatlardan maksium dərəcədə effektiv istifadəni təmin etmiş olacaq. Beləcə, neft və qaz hasilatının platoya çatmaqda olduğunu nəzərə alsaq, optimallaşdırma strategiyaları enerji təhlükəsizliyinin təmin olunmasında və gələcək enerji sektorunun formalaşdırılmasında həlledici rol oynaya bilər", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədə neft və kondensat hasilatı 29,1 milyon ton təşkil edib, bunun 24,4 milyon tonu ixrac olunub.

1 yanvar 2025-ci ilə olan məlumata əsasən, Azərbaycanın sübut olunmuş neft ehtiyatları 7 milyard barel təşkil edir.

Ölkədə hasil olunan neftin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun payına düşür. Hesablamalara görə, 2024-cü ildə AÇG-də hasilat cəmi 125 milyon barel olub, 2025-ci ildə isə bu göstəricinin 123 milyon barelə qədər azalacağı gözlənilir.

Seçilən
6
1
day.az

2Mənbələr