İtaliyanın baş naziri Giorgia Meloni bildirib ki, İtaliyanın Palermo şəhərində mafiyaya qarşı böyük əməliyyat nəticəsində 180-ə yaxın adam həbs edilib.
“Reuters” yerli polisin bəyanatına istinadən yazır ki, onlar narkotik ticarəti, qanunsuz silah saxlamaq, adam öldürməyə cəhd, hədə-qorxu ilə pul tələb etmək və onlayn qumar oynamaqda ittiham olunurlar.
İtaliyanın baş naziri aydınlıq gətirib ki, o, Siciliya mafiya sindikatı Cosa Nostra haqqında danışır. Onun sözlərinə görə, həbs olunanlar arasında cinayətkar ailələrin başçıları da var. Sindikatın fəaliyyətinin zirvəsi 1980-1990-cı illərə təsadüf edir. Daha sonra Cosa Nostranı Kalabriya mafiyası “Ndrangheta” əvəz edib. Palermonun mafiya ailələri bütün şəhər və əyalətdə koordinasiya olunur, əsasən narkotik alveri ilə məşğul olurlar. Polis deyib ki, Cosa Nostra Siciliyalı gəncləri cəlb etməyə davam edir. Xüsusilə, uzun müddət klanın üzvü olduğu iddia edilən bir gəncə mafiya fəaliyyəti ilə bağlı dərslər verdiyi bir hadisə qeydə alınıb.
//Samir Qurbanov, Editor.az