![Universitet](/uploads/posts/2025-02/te.jpg)
Tanınmış teatr xadimi, Lənkəran Dövlət Universitetinin baş müəllimi Tofiq Heydarov İran İslam Respublikasının Tehran şəhərində keçirilən 43-cü Beynəlxalq Fəcr Teatr Festivalında ekspert qismində iştirak edib.
Reyting.az-a açıqlama verən Tofiq Heydərov səfərlə bağlı təəssüratlarını bölüşüb.
T. Heydərov deyib ki, baxdığı tamaşalar mövzu baxımından çox rəngarəng olub:
“Həm dünya, həm də İran dramaturqlarının əsərləri səhnələşdirilmişdi. Tamaşalarda dekorasiyalardan daha az istifadə etməyə çalışmaları, tamaşanın ideya bədii həlli, işıq və texniki vasitələrlə təqdim olunması diqqətimi çəkdi. Festivalda diqqəti çəkən əsas məsələlərdən biri də, hazırlanan tamaşaların quruluşçu rejisorları 30-40 yaş arası gənclər idi.
Festival müddətində iki toplantı, biri xaricdən gələn teatr mütəxəssisləri, digəri isə İran teatr kollektivləri ilə birgə keçirildi. Hər iki toplantıda söz alaraq çıxış etdim, çıxışımda Azərbaycan teatr tarixindən, hal-hazırda fəaliyyət göstərən tatrlarımızın yaradıcılığı ilə bağlı fikirlərimi, Azərbaycan İran teatr əlaqələri, xüsusən də doqquz il direktor işlədiyim Lənkəran Dövlət Dram Teatrının, İran Teatr Sənəti Baş İdarəsi ilə əməkdaşlığı haqqda sənədlər təqdim etdim. Festival müddətində Rusiyanın Ryazan Dövlət Dram Teatrının direktoru Simon Qreçkov və Livan teatrının rəhbəri Qasem İstanbuli arasında Azərbaycanla teatr münasibətlərinin qurulması ilə əlaqədar müzakirələrimiz oldu”.
T. Heydərov festivalda Rusiya, Dərbənd Azərbaycan teatrı rəhbərliyinin ona verdiyi şifahi səlahiyyətə uyğun olaraq Dərbənd teatrının da İran teatrları ilə əməkdaşlıq etmək istədiklərini toplantı iştirakçılarının nəzərinə çatdırıb.
![](/uploads/posts/2025-02/te1.jpg)
43-cü Beynəlxalq Fəcr Teatr Festivalında ekspert qismində iştirak etdiyi üçün T. Heydərova sertifikat və hədiyyələr də təqdim olunub.
Məlumat üçün bildirək ki, Beynəlxalq Fəcr Teatr Festivalı dünyanın ən prestijli teatr festivallarından biridir. Festivalda Rusiya, Livan, Ermənistan, Tunis, Hindistan və İranın özəl teatr kollektivləri iştirak ediblər.
V. QULİYEV