AZ

Balıqçılıq sektorunda canlanma

Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbaycanda balıq və dəniz məhsulları bazarında 42,64 milyon ABŞ dolları dəyərində gəlir əldə ediləcəyi gözlənilir. Beynəlxalq statistika portalının məlumatına görə, bu, ötən illə müqayisədə 22,9 faiz çoxdur. 2029-cu ilə qədər illik 9,81faiz artım tempi ilə bazarın həcmi 61,99 milyon ABŞ dollarına çatacaq. Proqnoza əsasən, bu il dünyada balıq və dəniz məhsullarının satışına görə, Çin lider ölkə olacaq. İl ərzində Çində 21,2 milyard ABŞ dolları dəyərində balıq və dəniz məhsulları satılacaq.

Bəs görəsən, bu istiqamətdə gəlirləri artırmaq üçün hansı addımların atılmasına ehtiyac var?

Mövzu ilə bağlı Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib ki, son illər ölkəmizdə balıq istehsalı nisbətən artıb: “Son illər qanunsuz balıq ovu ilə mübarizə və balığın populyasiyası zamanı qadağalara əməl olunmasına görə, Xəzərin Azərbaycan sektorunda və daxili su hövzələrində az da olsa artım müşahidə olunur. Balıq yetişdirilməsi sahəsində artımın olmasını sənaye və həvəskar balıqçılardan da öyrənirik. Hər iki sahədə balığın sayı artıb. Son illər balıqçılıq sahəsinə müəyyən diqqət göstərilir. Bu sahədə imkanlarımız çox genişdir, amma nəzərə alınmalı məqamlar var. Əslində, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada balıqçılığı inkişaf etdirmək üçün fəsil gözləmək lazım deyil. Məsələn, Rusiyada balıqçılığın inkişafı üçün yaz fəslini gözləyirlər. Bizdə isə belə bir problem yoxdur. Sadəcə, bu sahəni düzgün və sistemli şəkildə inkişaf etdirmək üçün konkret mexanizm olmalıdır. Eyni zamanda, balıqartırma zavodlarının fəaliyyəti bərpa edilməlidir".

 “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib ki, yerli balıq istehsalçılarına dəstək verilməsinə ehtiyac var: “Azərbaycanın balıq və dəniz məhsulları bazarından əldə edəcəyi gəlirlərdə artım proqnozlaşdırılsa da, balıq istehlakının təqribən 80 faizi idxaldan asılıdır. Ona görə də yerli istehsalı stimullaşdırmaq lazımdır. Yerli balıq istehalçılarına dəstək tədbirlərindən biri təzə soyudulmuş balığın idxalına 15 faizlik gömrük rüsumunun tətbiq edilməsi ola bilər. Hazırda ölkəmizə İrandan balıq gətirilir. Onların istehsalı bizimlə müqayisədə ucuz başa gəlir. Son nəticədə bizim istehsalçılar iranlı iş adamları ilə rəqabət apara bilmirlər. İranda balıq istehsalı tam yerli istehsal hesabına həyata keçirilir, onların balıq yemi müəssisələri fəaliyyət göstərir. Bu isə istehsalın maya dəyərini aşağı salır. Azərbaycanda isə yem istehsal edən cəmi bir müəssisə var. Biz yemi idxal edirik. Dünya bazarında da yem bahalaşır. Bu isə bizim istehsal xərclərimizi artırır.

Bundan başqa, balıq istehsalçıları gəlir vergisindən azad edilməlidir. Artıq bu sahə kənd təsərrüfatı sahəsi hesab edilir. Aqrar sahə vergilərdən azaddır, ümid edirik ki, bizim sahə də vergilərdən tam azad olacaq. Bu qanunun bizim sahəyə tətbiqinin artıq vaxtı çatıb. Hazırda balıq istehsalı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə uğurlu əməkdaşlıq var. Nazirlik problemləri dinləməkdə və həll yollarını təklif etməkdə maraqlıdır. Müsbət nəticələr olacağına inanıram. Assosiasiya nazirliyə bir sıra təkliflər verib. Həmin təkliflərdən biri subsidiya verilməsidir. Bu, tarixi qərar olar. Çünki digər sahələrə dövlətin dəstəyi var. Subsidiya yerli istehsalın maya dəyərini azalda, həcmini artıra və ən əsası bazarda balıq məhsullarını ucuzlaşdıra bilər”.

Seçilən
1
1
hafta.az

3Mənbələr