AZ

Devid Moyes və Vircil van Deyk derbidəki qalmaqalı şərh etdilər

“Everton”un baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasının “Liverpul”la 15-ci tur ev oyunundan sonrakı qalmaqalı şərh edib.

Arena.az məlumat verir ki, “Everton”un 90+8-ci dəqiqədə vurduğu qolla 2:2 hesabı ilə başa çatmış oyundan sonra, əzəli rəqiblərin düşərgələri arasında təxribat nəticəsində qalmaqal yaşanıb.

Həmçinin oyunun sonlarında (90+12-ci dəqiqədə) “qırımızılar”ın ingilis yarımmüdafiəçisi Körtis Cons, meydan sahiblərinin isə malili yarımmüdafiəçisi Abdulay Dukure ikinci sarı vərəqələrini alaraq, meydandan qovulublar. Üstəlik, “Liverpul”un niderlandlı baş məşqçisi Arne Slot da qırmızı vərəqə alıb. Slot oyunun ingilis baş hakimi Maykl Oliverin əlini “məzəmmətlə ədalı və eyhamlı” tərzdə sıxıb görüşdüyünə görə “qızardılıb”. Arne Slotun birinci köməkçisi, niderlandlı mütəxəssis Sipke Hyulshoff isə klubların oyunçularının süpürləşməsində cənfəşanlıqla iştirak etdiyi üçün qırmızı vərəqə alıb.

Qalmaqala məhz Abdulay Dukure “qov çəkib qığılcım” salıb. Belə ki, “qənnadçılar”ın bərabərlik qolunu qeyd etmək məqsədilə Dukure “qırmızılar”ın azarkeşlərinin yer aldığı sektorun qarşısına gəlib, qolu bayram edib, rəqib düşərgəni təxribata sürükləyib. Bu məqam “Liverpul”un hiddətlənmiş oyunçuları, xüsusilə Körtis Consun sərt qarşılığı ilə müşayiət edilib. Beləcə, qalmaqal böyüyüb.

“Mən, olduğum yerdən bunu görmürdüm. Sonra isə mənim, buna baxmaq imkanım oldu və mən məyus oldun, çünku Dukure bu axşam həqiqətən yaxşı oynamışdı, indi isə mən onun xidmətindən məhrumam, belə ki, o, qırmızı vərəqəyə çevrilmiş ikinci sarı vərəqəni aldı.

Bütün axşam boyu duyğular aşıb-daşırdı, stadion partlayış həddində idi. Bu oyunun azarkeşlər üçün nə qədər vaxib olduğu görünürdü, oyunun sonlarında isə tribunalar həqiqətən uğuldayırdı. Bu, o böyük axşamlardan biri idi”, deyə Devid Moyes bildirib.

“Bu, sırf bir oyunçu tərəfindən növbəti böyük bir təxribat idi”

Qalmaqala “Liverpul”un kapitanı, niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk də münasibətini açıqlayıb:

“Bu, sırf bir oyunçu tərəfindən növbəti böyük bir təxribat idi. Biz hamımız bunu görürdük və vahid bir komanda olaraq, buna qarşı təpkimizi nümayiş etdirdik. Siz, günümüzdə nə baş verdiyini bilirsiniz, bu, böyük bir dava-dalaşa yol açır. Onda, bunu çözmək mənlik deyil, bu, hakimin öhdəsinə düşür və bu gün, mən onun bu vəziyyətə tamamilə nəzarət etdiyinə əmin deyiləm”, deyə Van Deyk vurğulayıb.

Əlavə edək ki, “Liverpul”un oyunsonrası mətbuat toplantısı ləğv edilib. Bu arada, “Liverpul”u növbəti oyuna çıxaracaq mütəxəssis məlum olub. Bu məsuliyyət Arne Slotun ikinci köməkçisi, niderlandlı mütəxəssis Con Heytinqaya həvalə edilib.

24 oyundan 27 xalla “Everton” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Liverpul” isə xal itkisinə rəğmən, 57 xalla zirvədəki mövqeyini qoruyub.

Seçilən
49
arena.az

1Mənbələr