AZ

Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib

Fevralın 12-də Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, iddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb. Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib.

Qeyd edək ki, 2023-cü il yanvarın 18-də Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 2023-cü il sentyabrın 15-də arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək, 2024-cü il aprelin 12-də Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib. Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir.

Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki Şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçayda yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin “suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə” səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir.

Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhvi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək.

Oxuməni.az

Seçilən
19
47
oxumeni.az

10Mənbələr