AZ

Deku: “Lamin Yamal uzun illər “Barselona”da qalacaq”

“Barselona”nın idman direktoru Deku “blauqrana”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamalın gələcəyi ilə bağlı danışıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, Dekunun bu barədə qənaətini təqdim edir:

“Bizim aparıcı oyunçularımız var, Lamin – onlardan biridir. Heç bir söhbət (futbolçunun digər klublara keçidi ilə bağlı – redaktorun qeydi) aparılmayıb, biz Yamala transfer qiyməti müəyyənləşdirmirik. Heç bir təklif də daxil olmayıb, çünki biz bu məsələni müzakirə belə, etmək niyyətində deyilik. Lamin, şübhəsiz ki, uzun illər “Barselona”da qalacaq”, deyə Deku qətiyyətlə vurğulayıb.

Deku Kataloniya klubunun qış transfer mövsümündəki fəaliyyətsizliyini də əsaslandırıb:

“Hazırda bizə, dörd-beş oyunçu alıb-gətirmək gərək deyil. İndi biz xoşbəxtik, çünki əvvəlki ilə müqayisədə hazırda bizim, yeni oyunçuların imzalanması ilə bağlı qayğılarımız daha azdır. Məsələn, “Mançester Siti” 200 milyon avro məbləğində xərc çəkib, biz isə bunu özümüzə rəva görə bilmərik”, deyə Deku vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 11 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 82 oyun, 18 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamalın transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

23 oyundan 48 xalla “Barselona” İspaniya La Liqasının yarış cədəvəlinin 3-cü pilləsində qərarlaşıb. La Liqaya 50 xalla “Real” başçılıq edir.

Seçilən
68
8
arena.az

10Mənbələr