AZ

"Ədalətli hakimlik istəyirik" - "Turan Ultras" aksiya keçirəcək

Hakim idarəçiliyindən narazı qalan "Turan Tovuz"un azarkeşləri futbol ictimaiyyətinə müraciət ünvanlayıblar.

"Football-plus.az" xəbər verir ki, "Turan Ultras" azarkeş qrupu sosial şəbəkə hesabı üzərindən hakimliyə etiraz olaraq, növbəti turda aksiya keçirməyə hazırlaşdıqlarını bəyan ediblər:

"Tribunamız hər zaman nümunəvi davranışı, möhtəşəm dəstəyi, komandasına sadiqliyi ilə seçilib. Premyer-liqaya yüksəldiyimiz ildən bütün dövrələrdə rekordlar qıran, səfər oyunlarında da komandasına Tovuz ab-havası yaradan məhz "Turan Tovuz" azarkeşləri, "Turan Ultras" azad azarkeş qrupudu. Klubumuzun qarşısına qoyduğu vacib missiyanı hər zaman dəstəkləmiş, icrasında da əlimizdən gələni əsirgəməyəcəyimizi hər zaman bəyan etmişik. Ötən mövsüm olduğu kimi, hazırkı mövsümdə də bərbad hakim idarəçiliyi, qərəzli "səhvlər"lə haqqımız tapdalanıb, vacib xallarımız qəsb olunub. Son turda "Sabah"la keçirilən oyunda bütün futbol ictimaiyyəti qələbəmizin əlimizdən alındığının şahidi oldu.

"Ultras Turan" olaraq, 23-cü turda keçiriləcək "Turan Tovuz" - "Araz Naxçıvan" oyununun ilk dəqiqəsində bərbad hakim idarəçiliyinə etiraz olaraq kürəyimizi meydançaya tərəf çevirməyi, bununla da etiraz səsimizi futbol ictimaiyyətinə çatdırmağı nəzərdə tuturuq. Bu protestə oyuna gələn bütün azarkeşlərimizin qoşulmasını xahiş edirik. Bildiririk ki, eyni hallar təkrarlanacağı təqdirdə ümumiyətlə oyunlara gəlməməyi belə nəzərdən keçirəcəyik. Klubumuzun da açıqladığı kimi, ədalətli hakimlik istəyirik".
Seçilən
52
4
football-plus.az

7Mənbələr