Fransa ötən əsrdə Saxarada törədilən nüvə cinayətlərinə görə tam məsuliyyətini rəsmən etiraf etməlidir.
"Report"un Əlcəzair radiosuna istinadən verdiyi məlumata görə, bunu Əlcəzair Milli Xalq Assambleyasının (parlamentin aşağı palatası) sədri Brahim Buqali deyib.
"Fransa nüvə partlayışlarının qurbanlarına və onların ailələrinə yaşadıqları faciəyə görə ədalət nümayiş etdirməli və əlcəzairlilərin qanuni hüquqlarını təmin etməlidir. Paris sınaq meydançalarının bütün arxivlərini Əlcəzairə qaytarmalıdır ki, ekspertlərimiz də dəyən ziyanı qiymətləndirə bilsinlər", - Buqali bildirib.
Onun sözlərinə görə, nüvə partlayışlarının nəticələri Fransanı öz hərəkətlərinə və onların qaçılmaz nəticələrinə görə tam məsuliyyətlə üz-üzə qoymalıdır:
"Əlcəzair heç vaxt bu səhifəni çevirməyə razı olmayacaq və bu cinayətin tanınmamış qalmasına dözməyəcək", - assambleya sədri vurğulayıb.