AZ

Azərbaycanın Vergi Sistemi: 25 ildə əldə edilən uğurlar və gələcək perspektivlər

İqtisadiyyat Nazirliyində “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum təşkil olunub.

Finss.az xəbər verir ki, 13 fevral tarixində keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına məktubunu oxuyub. Məktubda bildirilir: “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayır və Dövlət Vergi Xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edirəm.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Respublikamızın ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir.

Konstitusiyamızda vətəndaşların əsas vəzifələrinə aid edilmiş mühüm müddəalardan biri onun 73-cü maddəsində əks olunub: “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur”. Konstitusiyamızda vergilərə dair müəyyən edilmiş bu müddəa dövlətimizin maliyyə sabitliyinin və davamlı inkişafının təminatı olub, ölkəmizin hüquqi və iqtisadi inkişafı yolunda möhkəm təməl yaradır.

Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.

Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir.

Bu məqsədlərin reallaşdırılmasının təməlində dövlətin iqtisadi qüdrəti, gəlirləri, fiskal dayanıqlığı durur. Güclü maliyyə imkanlarının formalaşdırılmasına isə effektiv vergi sistemi töhfə verə bilər. Maliyyə imkanlarımızın ildən-ilə artması, büdcə gəlirlərimizin fiskal dayanıqlığı prosesində effektiv və proaktiv vergi siyasətinin həyata keçirilməsi olduqca vacibdir. Vergi sistemində aparılan islahatlar, vergi inzibatçılığında tətbiq olunan yeni yanaşma və mexanizmlər iqtisadiyyatda şəffaflaşmanı keyfiyyətcə yeni bir mərhələyə qaldırıb. Bu gün vergi siyasəti həm aktiv iqtisadi tənzimləmə vasitəsi, həm də stimullaşdırıcı alətdir. Hazırda bütün fiskal yığımların əhəmiyyətli hissəsini məhz vergi orqanları təmin edir.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir.
Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu var. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır.

Vergi sistemi ölkəmizin inkişafında müstəsna rol oynayır və vergi işçiləri həm də dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm funksiya yerinə yetirirlər. Vergi işçiləri yalnız büdcə gəlirlərinin təminatçısı deyil, həm də iqtisadi sabitliyin və sosial ədalətin qorunması işində önəmli bir missiyanın icraçısıdırlar. Fəaliyyətiniz dövlət büdcəsinin formalaşdırılmasında, eyni zamanda iqtisadi və sosial layihələrin həyata keçirilməsində xüsusi rol oynayır. Vergi ödəyiciləri ilə effektiv əməkdaşlıq, vergi ödəmələrinin düzgün və vaxtında həyata keçirilməsi yalnız iqtisadiyyatı deyil, həm də xalqın dövlətə olan etimadını gücləndirir.

Ölkəmizin qarşısında duran hədəf və vəzifələr çoxdur. Bu yolda sizin öz işinizə münasibətiniz və vətənə sədaqətiniz bizim üçün qiymətli sərvətdir. Əminəm ki, bu şərəfli vəzifəni yüksək səviyyədə yerinə yetirməkdə və ölkəmizin daha da qüdrətlənməsinə töhfə verməkdə davam edəcəksiniz.

Dövlət Vergi Xidmətinin bütün kollektivinə möhkəm cansağlığı, peşə fəaliyyətində uğurlar diləyirəm. Sizi bir daha təbrik edir, ölkəmizin inkişafı və rifahı yolunda atdığınız hər bir addımda müvəffəqiyyətlər arzulayıram!”

Forumda Azərbaycanın vergi orqanlarının 25 illik fəaliyyəti barədə film nümayiş olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək vergi işçilərini xidmətin 25 illiyi və peşə bayramı münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, vergi siyasəti iqtisadiyyatın səmərəliliyinə böyük təsir göstərir.

Qeyd edilib ki, vergi xidməti təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafını dəstəkləyən, şəffaflığa töhfə verən, sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinə malik qurumdur. Son illərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması və onların ümumi iqtisadiyyatda xüsusi çəkisinin yüksəlməsi bunun əyani göstəricisidir.

Bildirilib ki, iqtisadi gündəliyin əsas prioritetlərindən biri dayanıqlı inkişaf və özəl sektorun gücləndirilməsidir. Özəl sektorun inkişafı ilə yanaşı, son illər aparılan islahatlar nəticəsində dövlət müəssisələrinin rentabelliyinin artdığı qeyd olunub. Həmin müəssisələr risklərdən biri kimi qiymətləndirilən borc yükünü və dövlət büdcəsindən asılılığı azaldıb. Bununla yanaşı, dayanıqlı iqtisadi artımı və fiskal sabitliyi təmin etmək üçün ixracyönümlü sahə və xidmətlərin təşviqinin önəmi bildirilib.

2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Vergi qanunvericiliyində təşviqlər sayəsində rəsmi əmək müqavilələrinin sayında əhəmiyyətli artım əldə edilib.

Forumda 2018-2024-cü illərdə ölkəmizin makroiqtisadi artımı, eləcə də qeyri-neft sektorunun böyüməsi, vergi daxilolmlarının qeyri-neft ÜDM-də xüsusi çəkisinin yüksəlməsi, əmək müqavilələrinin sayının artması və digər göstəricilər barədə təqdimat nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vergi ödəyicilərinin hüquqları və vergi orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın əhəmiyyəti barədə danışıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti arasında səmərəli əməkdaşlığı vurğulayıb. Bu istiqamətdə vahid risk platforması çərçivəsində tərəfdaşlığın önəmi qeyd edilib.

Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev vergi orqanlarının ölkə iqtisadiyyatının inkişafına və sahibkarların fəaliyyətinin asanlaşdırılmasına verdiyi töhfələrdən danışıb.

Tədbirdə Dövlət Vergi Xidmətinin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələrinin - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini Fabrisiya Lapekorella, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi Aliks Perrinyon və Vergi Məqsədləri üzrə Şəffaflıq və Məlumat Mübadiləsinə dair Qlobal Forumun Katibliyinin rəhbəri Zayda Manattanın videotəbrikləri səsləndirilib.

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edib. Xidmət rəisi 25 illik tarixə nəzər salaraq vergi sistemində reallaşdırılan islahatlar barədə danışıb, bu sahədə son illər əldə edilən nəticələr, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, gələcək vergi siyasətinin istiqamətləri və s. barədə məlumat verib. Bildirilib ki, 25 illik tarixə malik vergi sistemi hazırda “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli münasibət göstərilməsi, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi kimi yeni yanaşmalarla fəaliyyət göstərir. 2024-cü ildə vergi daxilolmalarının həcminin15,8 milyard manatı keçdiyi, vergi gəlirlərinin 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artdığı, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımların 22,8 milyard manat təşkil etdiyi, Xidmətin bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqan olduğu diqqətə çatdırılıb. Aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 806,9 min təşkil edib.

Vurğulanıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”u ölkəmizi şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirilməsi çərçivəsində ən yüksək reytinqlə dəyərləndirib. Ölkəmizin bu reytinqə yüksəlməsi vergi sistemində aparılan islahatların beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Forumun işi sessiyalarla davam edib. Moderatoru Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov olan “Müasir vergi sistemi: strateji hədəflər və perspektivlər” mövzusuna həsr olunmuş sessiyada iqtisadiyyat nazirinin müşaviri Elvin Camalov, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və “McKinsey” şirkətinin partnyoru Simay Erdoğan çıxış ediblər.

Moderatoru “Deloitte Azerbaijan” şirkətinin vergi üzrə partnyoru Nərmin Aslanova olan “Vergi inzibatçılığında rəqəmsal transformasiya: yeni yanaşmalar və müasir trendlər” mövzusuna həsr olunmuş ikinci sessiyada Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev, Azərbaycan Beynəlxalq Bankının Agile ofisinin rəhbəri Həsən Eminov, “Carlsberg” Azərbaycan şirkətinin Korporativ əlaqələr üzrə rəhbəri Lalə Əfəndi çıxış ediblər.

Moderatoru ADA Universitetinin prorektorunun müşaviri Aygün Hacıyeva olan “Yeni iqtisadi inkişaf modelində dövlət – biznes tərəfdaşlığının əhəmiyyəti” mövzusunda sessiyada isə bp-nin vergi məsələləri üzrə meneceri Ceyhun Məmmədov, Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov, PwC şirkətinin vergi direktoru Günel Sadiyeva çıxış ediblər.

Sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb. Çıxışlarda ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, islahatlara dair təkliflər səsləndirilib.

Forum çərçivəsində “Yaşıl enerji üzrə ən böyük investor”, “İşğaldan azad olunmuş ərazilər üzrə investor”, “Dövlət sektoru üzrə fəal ixracatçı”, “Özəl sektor üzrə fəal ixracatçı”, “Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Nəqliyyat sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Sənaye sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Xidmət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Qeyri-neft sektoru üzrə vergi rekordçusu”, “Neft sektoru üzrə vergi rekordçusu”, “Regionlar üzrə vergi rekordçusu”, “Kənd təsərrüfatı sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Rabitə sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Tikinti sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Fəal ianəçi”, “Dost” nominasiyaları üzrə fərqlənən vergi ödəyiciləri sertifikatlarla təltif olunublar.

Fuad Mədətov
Finss.az

Seçilən
43
45
fins.az

10Mənbələr