AZ

Dünyada mürəkkəb və bölünmüş nizam mövcuddur

Yazını böyüt
Yazını kiçilt

Münhen Təhlükəsizlik Konfransının illik hesabatında dünyanın getdikcə daha mürəkkəb və bölünmüş nizama doğru irəlilədiyi vurğulanıb. Mütəxəssislər bu yeni dövrü təsvir etmək üçün "yüksək qütbləşmiş dünya" terminindən istifadə edirlər.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, bildirilir ki, ABŞ prezidenti Donald Trampın siyasəti Vaşinqtonu tədricən qlobal liderlik rolundan əl çəkməyə vadar etdiyi halda, bütün dünyada qüvvələr balansı yenidən formalaşır. Rusiyanın yeni dünya düzənindəki yeri əsasən Ukraynadakı münaqişələrin necə başa çatacağından asılı olacaq.

ABŞ-ın qlobal nizamın qarantı olması ilə bağlı ənənəvi baxış Tramp administrasiyası ilə dəyişdi. Hesabatda vurğulanır ki, Tramp mövcud beynəlxalq sistemi “pis razılaşma” kimi görür və ABŞ-ın digər ölkələri zənginləşdirərkən öz iqtisadi gücünü itirdiyini düşünür. Nəticə etibarı ilə Vaşinqtonun xarici siyasətində daha seçici olacağı, xüsusən də Çinlə rəqabətə önəm verəcəyi bildirilir.

ABŞ Çinə qarşı iqtisadi müharibəsini davam etdirərsə, bu, qlobal iqtisadiyyatda dərin parçalanmalara səbəb ola bilər. Məlumata görə, Vaşinqtonun avropalı müttəfiqləri ilə koordinasiyası zəifləyə və ABŞ Avropanın təhlükəsizliyini təmin etmək vəzifəsini müttəfiqlərinə həvalə edə bilər. Bu vəziyyətin Avropanın müdafiə imkanlarının yetərsizliyi səbəbindən “təhlükəsizlik boşluğu” yarada biləcəyi bildirilir və bu ssenarinin Ukrayna üçün fəlakətlə nəticələnə biləcəyi ilə bağlı xəbərdarlıq edilir.

Hesabatda Çinin qlobal liderlik baxımından ABŞ-ın ən böyük rəqibi olduğu vurğulanıb. Bildirilir ki, Çin “çoxqütblü dünya” diskursunu populyarlaşdırmaqla öz maraqlarını beynəlxalq sistemə inteqrasiya etməyə çalışır. Bununla belə, ekspertlər bu fikirdədirlər ki, Pekinin siyasəti müttəfiqlərinə deyil, yalnız özünün güclənməsinə xidmət edir.

Həmçinin bildirilib ki, Rusiyanın da çoxqütblülük baxışı var, lakin bu baxış Qərbin başa düşdüyü kimi deyil, “sivil dövlətlər” anlayışı vasitəsilə formalaşır. Moskvanın Ukrayna və digər keçmiş sovet ölkələrini öz təsir dairəsində gördüyü və bunun daha çox “yeni imperialist Avropa Harmoniyası” modelinə (Napoleondan sonrakı dövr nəzərdə tutulur) bənzədiyi bildirilir. Hesabatda Rusiyanın Ukraynadakı hərbi uğurları və iqtisadi dayanıqlığının onun qlobal imicini gücləndirdiyi, lakin məhdud resursları səbəbindən uzunmüddətli perspektivdə çətinliklərlə üzləşə biləcəyi ilə bağlı fikirlər yer alıb.

Nəhayət, Rusiyanın Ukraynadakı münaqişəni öz xeyrinə bitirməsi ehtimalı qiymətləndirilir. Hesabatda qeyd olunub ki, Moskva münaqişəni sona çatdırmaq üçün Qərbin təzyiqləri səbəbindən üstünlüyə malikdir, lakin ABŞ gözlənildiyindən daha sərt mövqe tutsa, Rusiyanın gələcəyi daha qeyri-müəyyən ola bilər. Gələcək beynəlxalq nizamın necə formalaşacağı əsasən bu güc balanslarının necə inkişaf edəcəyindən asılı olacaq.

Seçilən
6
hafta.az

1Mənbələr