Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin əvvəlində təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində əldə edilmiş nailiyyətlər ölkə iqtisadiyyatı və maliyyə sektoru üzrə beynəlxalq təşkilatların apardığı qiymətləndirmələrin pozitiv nəticələrində öz əksini tapıb.
"Report" xəbər verir ki, bunu AMB-nin İdarə Heyəti sədrinin müavini Torğul Əliyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"Əminik ki, qarşıdakı strateji dövrdə də bu səmərəli fəaliyyət və reytinqlərlə bağlı uğurlu tendensiya davam edəcək", - deyə o qeyd edib.
T.Əliyevin sözlərinə görə, maliyyə sektorunun inkişafı üzrə strateji təşəbbüslər əsasən dörd mühüm prioriteti əhatə edir: "Bunlardan birincisi maliyyə sektorunun, institutlarının, bazarlarının və infrastrukturunun sabitliyinin təmin edilməsi üzrə təşəbbüslərdir. Bu istiqamətdə, ötən il AMB prudensial tənzimləmə çərçivəsinin modernizasiyasını davam etdirib, banklarda korporativ idarəetmə standartlarına yenidən baxb, bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edib, sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edb. Risklərin idarə edilməsi və effektiv nəzarət məsələlərinə hər zaman olduğu kimi xüsusi önəm verilib, “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” və “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” təsdiq edilib. Bu istiqamətdə banklarda ekoloji risklərin idarə edilməsi, əməliyyat risk menecmenti və s. sahələr üzrə tənzimləmələrin tətbiqinə start verilib. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dair yeni qaydalar qəbul olunub. Sığorta sahəsi üzrə risklərin xaricə ötürülməsi habelə, katastrofik risklərin təkrarsığortalanması ilə bağlı tələblər müəyyən edilib, sığortaçıların dayanıqlı təkrarsığorta siyasəti formalaşdırılıb", - deyə o qeyd edib.
Sədr müavininin sözlərinə görə, ikinci qrup təşəbbüslərə maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə tədbirləri aiddir: "Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişlənləşdirilməsi və yeni çeşid maliyyə alətlərindən istifadənin təmin edilməsi məqsədilə banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib, kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni tənzimləmələr gətirilmiş, agent bankçılıq üçün hüquqi-normativ baza formalaşdırılıb, "Yaşıl Taksonomiya" təsdiqlənib, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, yaşıl maliyyə və bir sıra digər sahələr üzrə məlumatlılığın artırılması məqsədilə çoxsaylı tədbirlər keçirilib".
"Üçünçü qrup üzrə rəqəmsallaşma və yeni maliyyə texnologiyalarının tətbiqinə istiqamətlənmiş tədbirlərdən danışmaq istərdim. Sözsüz ki, 2023-cü ildə “Ödəniş xidmətləri və sistemləri haqqında” qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoyub. Ötən dövrdə AMB 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatoru lisenziyalaşdırıb. Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilmiş, “Açıq bankçılıq” üzrə tələblər təsdiq olunub. Maliyyə innovasiyalarının inkişafı məqsədilə AMB ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb. Bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılıb, artıq 21 müraciət qeydə alınıb və onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir", - deyə AMB rəsmisi əlavə edib.
Onun sözlərinə görə, dördüncü qrup maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsi və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi çərçivəsində həyata keçirilmiş tədbirlərdir: "İstehlakçıların hüquqlarının müdafiəsi, maliyyə məhsullarının və xidmətlərinin keyfiyyətinin artırılması, habelə istehlakçıların şikayətlərinin effektiv həllinin təmin edilməsi məqsədilə geniş maarifləndirmə proqramları həyata keçirilib, “Maliyyə institutlarının bazar davranışlarına dair tələblər” layihəsi hazırlanıb. Ümumilikdə bazar davranışlarının tənzimlənməsi məsələləri cari ildə xüsusi prioritet təşkil edəcək".
"Göründüyü kimi bu təşəbbüsləri həyata keçirməklə AMB ümumilikdə maliyyə sektorunda innovativ ekosistemin inkişafını, təklif tərəfdə davamlı və stabil maliyyə xidmətlərinin yaranmasını, tələb tərəfdə isə məsuliyyətli və dayanıqlı borclanmanı təşviq edir. Uzunmüddətli dövr üzrə strateji məqsədimiz dinamik inkişaf edən milli iqtisadiyyatımızda stabil maliyyə sektorunun rolunu yüksəltməkdir. Sözsüz ki, bəhs etdiyimiz işlər və əldə edilmiş nailiyyətlər maliyyə sektorunu təmsil edən assosiasiyaların yaxından iştirakı və dəstəyi sayəsində mümkün olub. Ümid edirəm bu assosiasiyalar növbəti strateji dövrdə də Strategiya üzrə qarşıya qoyulmuş hədəflərin reallaşmasında aktiv iştirak edəcəklər. Maliyyə bazarlarının gələcəyini formalaşdırmaq və yeni çağırışlara adekvat cavab vermək üçün biz birlikdə düşünməli, bilik və təcrübələrimizi paylaşmalı, tənzimləmə və inkişaf sahəsində qabaqçıl beynəlxalq təcrübələri öyrənərək onları yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırmalıyıq. İnanıram ki, bu tədbir çərçivəsində aparılacaq fikir mübadiləsi və təcrübə paylaşımı, qarşıda duran strateji hədəflərin daha effektiv tətbiqinə şərait yaradacaq", - deyə T.Əliyev sözünü tamamlayıb.