AZ

Paşinyan öz keçmişinə və gələcəyinə necə xəyanət edib? – Oskanyanın “qədim xalq” iddiasına TƏRS SİLLƏ

Uzun müddət Ermənistanın xarici siyasət idarəsinə rəhbərlik edən Vardan Oskanyan düşmən ölkənin siyasi gündəmini dəyişmək üçün fərqli bəyanatlar səsləndirir, erməni cəmiyyətini qıcıqlandıran fikirlər bildirir. Ermənistanın 2-ci prezidenti Robert Köçəryanın ən yaxın adamı olan Oskanyan aldığı təlimata uyğun olaraq Paşinyanı Qarabağ siyasətini sərt tənqid edir və bildirir ki, Qarabağın “əldən getməsi”ndə günahkar baş nazirdir. Üstəlik bəzi tezislər irəli sürən keçmiş xarici işlər naziri, guya özlərinin hakimiyyəti dövründə məsələni xeyirlərinə həll etməyə yaxın olduqlarını bildirir.

Oskanyanın məqsədi aydındır və gələn il Ermənistanda keçiriləcək seçkilərdə Paşinyana etimadsızlıq göstərilməsinə çalışır. Bunun üçün də hakimiyyətə ittihamların ardı-arası kəsilmir. Oskanyan Paşinyan və komandasını sərt tənqid etməklə bərabər gətirdiyi arqumentləri hər hansı şəkildə əsaslandırmağa çaşılışır. Özlərinin nəzarətində olan mətbuat orqanlarında mütəmadi çıxışlar edən Vardan Oskanyan bu dəfə də, baş naziri Ermənistanın uğursuzluğunda ittiham edib: “Nikol Paşinyan təkcə öz ölkəsinin keçmişinə deyil, həm də gələcəyinə xəyanət edir. O, erməni tarixini yenidən yazmaqla siyasi uğursuzluqlarına haqq qazandırır və millətə ancaq təslimçilik və məğlubiyyət təklif edir. O, erməni xalqından öz keçmişini unutmağı, Ermənistanı alçaldılmış və mənəvi cəhətdən çürümüş dövlət kimi qəbul etməyi tələb edir. Nikol iddia edir ki, Ermənistan indiki sərhədlərini tanımalı və qalan hər şey unudulmalıdır. Paşinyan Qarabağı erməni milli şüurundan silməklə onun xalqını və öz müqəddəratını təyinetmə hüququnu qoruya bilməməsini qanuniləşdirməyə çalışır”.

Özlərini dünyanın “qədim xalqı” hesab edənlər hələ də qonşu dövlətlərin ərazilərinə iddialıdırlar. Qarabağdan qovulandan sonra, özlərinə gələ bilməyən erməni millətçiləri müxtəlif bəyanatlar səsləndirməklə xalqı müharibəyə təhrik edirlər. Türkiyənin şərq vilayətlərinə iddia edən, oraları  “Şərqi Ermənisatan” adlandıran “qədim xalq” hələ başına gələn müsibətləri tamamilə unutmayıb. Tarixi Azərbaycan ərazilərinə yiyələnən, orada qondarma dövlətlərini quran ermənilər daha böyük ərazilər əldə etmək iddiasındadır. Amma necə? O torpaqları ermənilərə kim verəcək? Bəlkə yenə müharibə yolunu tutatcaqlar? Bütün bunlar qonşu ölkələrdə diqqətlə təhlil olunur və Ermənistanın nəyə arxalandığı sistemli şəkildə öyrənilir. Birmənalı bildirməliyik ki, ermənilərin güvəniləsi elə bir gücü qalmayıb. Bəzi xarici havadarlarının Ermənistana göndərdiyi beş-on hərbi texnikayla heç hara gedə bilməyəcəklərini özləri də yaxşı dərk edirlər. Qarşılarında güclü, yenilməz Azərbaycan Ordusu var və bu ordu cəmi 44 gün ərzində Ermənistanın bütün silahlı qüvvələrini darmadağın etdi. Vardan Oskanyan bunu anlasa da, yenə öz ritorikasını davam etdirir: “Heç bir ciddi dövlət itirilmiş ərazilərini unutmur. Yunanıstan Konstantinopolu heç vaxt yaddaşından silməyib. Polşa Lvovu, Serbiya isə Kosovanı itirməsinə baxmayaraq, onu hələ də öz tarixi ərazisi sayır. Qarabağ da “Ermənistanın tarixi ərazisidir” və biz bunu heç vaxt yadımızdan çıxartmamalıyıq”.

Oskanyanın budəfəki çıxışı “patronu” Köçəryanın müharibə ritorikasıyla üst-üstə düşür. Bunlar hamısı yalnız daxili auditorya üçündür. Əks halda Ermənistan dövlətçiliyi ilə vidalaşa bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
4
konkret.az

1Mənbələr