Məktəbdə bıçaqlanma, təhsil müəssisəsi yaxınlığında dava-dalaş, bir-birini döymə kimi hallar tez-tez ictimailəşir, gündəmə gəlir.
Bu halların qarşısını almaq üçün nələr edilməlidir?
Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlamasında bildirib ki, bu hallarda şagird məktəbdən uzaqlaşdırılmalıdır:
“Son dövrlər məktəblilər arasında aqressiya hallarına tez-tez rast gəlirik. Bunun birbaşa səbəblərinə valideyn cavabdehlik daşıyır. Hər bir valideyn məktəbə gedərkən övladının çantasını, üst-başını yoxlamalıdır ki, uşaq məktəbə nə aparıb, gətirir. Şagirdin məktəbdə davranış qaydalarını isə artıq sinif rəhbəri, müəllimlər və rəhbərlik nəzarətdə saxlamalıdır.
İndiyə qədər “Şagird davranış qaydaları”nın tətbiq olunduğu 300-dən çox məktəbdə şagirdlərin xoşagəlməz davranışlarının qarşısı alınıb. Təbii ki, bu qaydalar da təhsil müəssisəsinin daxilində tənzimləməni həyata keçirir. Məktəbdən kənarda uşaqlar arasında hansısa dava-dalaşın olmasına yalnız valideyn məsuliyyət daşıyır.
“Şagird davranış qaydaları”nın ölkə üzrə bütün məktəblərdə tətbiqindən sonra məktəblərdə yaranan mənfi halların azaldığını görəcəyik.
Məktəbdə yoldaşını bıçaqlayan, onunla dalaşan, kriminal hadisələrə yol verən şagirdlərə qarşı qaydalar sərtləşdirilməlidir. Onlar məktəbdən qovulmalı, çıxarılmalıdır. Onlar üçün xüsusi internat, yaxud islah tipli mərkəzlər yaradılmalı və təhsillərini orada davam etdirməlidirlər.
Bu kimi neqativ hallara yol verən şagirdlər varsa, mütləq təhsil müəssisəsindən çıxarılmalıdır. Bu addım atılarsa, digərlərinə də örnək olar. Onlar 100 ölçüb, 1 biçərlər.
Kimsə başqasının yaşama, təhsil alma hüququna qarşı kobud rəftar edirsə, onun da müəyyən hüquqları məhdudlaşdırılmalıdır”,-deyə E.Əfəndifikrini yekunlaşdırıb.