AZ

Mil-Muğan Hidroqovşağı 250 min hektara yaxın ərazinin suvarılmasına xidmət edir -FOTO

Hidroqovşaqda təmir işləri aparılır

Mil-Muğan Hidroqovşağı 1972-ci ildə Azərbaycan və İran İslam Respublikası tərəfindən Araz çarı üzərində tikilib istifadəyə verilib. Hidroqovşaq vasitəsilə hər iki tərəfdə 250 min hektara yaxın ərazi suvarma suyu ilə təmin edilir. 

Bu barədə "İki sahil"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bu sahələrin suvarılmasını Mil-Muğan Hidroqovşağının İstismarı İdarəsi həyata keçirir. İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün Baş-Mil kanalı vasitəsilə hidroqovşaqdan götürülən su Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları ilə ətraf rayonların əkin sahələrinə ötürülür. Hazırda Hidroqovşaqda işlər günün tələblərinə uyğun olaraq davam edir. İdarə tərəfindən ötən ildə 28 ədəd hidrotexniki qurğu, o cümlədən 17 ədəd hidroqovşaqda, 11 ədədi isə Yuxarı Mil Kanalında təmir edilib. Bundan başqa Yuxarı Mil və Baş Mil kanalında 2.5 km hissənin çökmüş və dağılmış hissəsi betonlanıb. Baş Mil kanalında yerləşən xidməti bina da əsaslı təmir olunub. 

İdarə ötən il olduğu kimi 2025-ci ildə də istismar tədbirlər planına uyğun olaraq kanallarda lildən təmizləmə və təmir işlərini davam etdirir. İdarənin mexanizmləri vasitəsilə Yuxarı Mil kanalından 158500 kub metr lil təmizlənərək çıxarılıb. Görülən işlər nəticəsindən kanallarda suyun maneəsiz axını təmin olunur, su itkisinin qarşısı alınır. 

Qeyd edək ki, Mil-Muğan Hidroqovşağı üzərində suvarma suyunu ərazilərə tam çatdırmaq üçün 6 ədəd seqmentvari qapı mövcuddur. Bundan başqa Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur.

Seçilən
6
8
ikisahil.az

10Mənbələr