AZ

Yalançı Makronun oğru adamı tutuldu: ermənilər təlaşda

Fransanın sabiq baş naziri Jan Kasteks Monpelye şəhərində jandarm əməkdaşları tərəfindən saxlanılıb. Səbəb onun 2017-ci ildə, Şərqi Pireney departamentindəki Konflan-Kanigo bələdiyyə icmalar birliyinə rəhbərlik etdiyi dövrdə dövlət vəsaitlərinin israfı və sənədlərin saxtalaşdırılması ittihamları olub.

Yəni sabiq baş nazir saxtakarlıqda, oğruluqda və fırıldaqçılıqda suçlanır.

J.Kasteks dünən səhər tezdən jandarm idarəsində dindirilib. İstintaqçılar 2017-2018-ci illərdə qəbul edilən maliyyə qərarlarını araşdırıblar. Həmin dövrdə Kasteksin rəhbərlik etdiyi icma radiotezliklər üzrə ixtisaslaşan və müflis olmaq təhlükəsi ilə üzləşən "Selecom" şirkətinə bu strukturun işinin məhkəmədə araşdırılmasına rəğmən, böyük maliyyə yardımı göstərib.

Prefekturanın mənfi rəyinə baxmayaraq, təşkilat on minlərlə avro dəyərində yardım alıb. İstintaqı başlatmış "Anticor" Antikorrupsiya Assosiasiyasının fikrincə, bu cür addımlar bələdiyyələrin səlahiyyətlərini aşırdı.

J.Kasteks bir neçə saat nəzarətdə saxlanılsa da, sonra zaminə buraxılıb. Perpinyan prokuroru Jan-David Kavaiyenin sözlərinə görə, bu pozuntular idarəetmədə şəffaflıq məsələsində ciddi suallar doğurur.

Sözügedən "Selecom "şirkətinə maliyyə yardımı müəyyən olunmuş prosedurlardan ayrıca ibtidai istintaqa ayrılıb.

Prokurorluq bu qərarın nə dərəcədə əsaslı olduğunu və icma maraqlarına uyğun gəlib-gəlmədiyini araşdırır. Jan Kasteks və komandası tərəfindən atılan addımlar yerli idarəetmə sisteminin səmərəliliyinə və qanuniliyinə şübhələr yaradır.

Kastekslə yanaşı, daha üç nəfər, o cümlədən onun icma rəhbəri vəzifəsində sələfi Jan-Lui Jalla, həmçinin icraçı direktor və maliyyə məsələləri üzrə vitse-prezident saxlanılıb. Onlar hələ də nəzarət altındadır və istintaq aylarla davam edə bilər.

Jan Kasteks Fransada tanınmış bir şəxsiyyətdir. O, 2008-ci ildə kiçik Prad şəhərinin meri olub və bu vəzifəni 12 il uğurla icra edib. 2015-2020-ci illərdə isə 45 bələdiyyəni birləşdirən Konflan-Kanigo bələdiyyə icmalar birliyinə rəhbərlik edib. Bu illər ərzində o, tanınan regional lider reputasiyası qazanıb.

Onun karyerasının zirvə nöqtəsi 2020-ci ildə, prezident Emmanuel Makron tərəfindən baş nazir postuna təyinatı idi. J. Kasteks COVID-19 pandemiyası dövründə hökumətə rəhbərlik edib və bu çətin zamanda qəbul etdiyi absurd qərarlar dəfələrlə tənqid hədəfi olub. O, 2022-ci ilin may ayında postunu tərk edərkən böhranların öhdəsindən gələ biməyən bir şəxs kimi yadda qalıb.

Jan Kasteks işi Fransız cəmiyyətində kəskin müzakirələr doğuran rezonanslı hadisəyə çevrilib. Müxalifət siyasətçiləri artıq bu faktı hakim elitanı ikiüzlülükdə və korrupsiyada ittiham etmək üçün arqument kimi istifadə edirlər.

"Bu, keçmiş baş nazirin sadəcə bir epizodu deyil, Fransanın idarəetmə sistemindəki dərin problemlərin simptomudur, burada əlaqələr qanundan daha önəmlidir", - deyə "Milli Birlik" partiyasından deputat Marin Lekler bildirib.

Digər tərəfdən, J.Kasteksin tərəfdarları işin siyasi motivli olduğunu iddia edirlər. "O, hər zaman vətəndaşların maraqları naminə hərəkət edib, bu araşdırma isə onun reputasiyasını ləkələmək cəhdidir", - deyə onun keçmiş həmkarlarından biri qeyd edib.

Prokurorluq yaxın günlərdə Kasteks və digər şübhəlilərə qarşı ittiham irəli sürülüb-sürülməyəcəyinə qərar verməlidir. Keçmiş baş nazir isə hələlik saxlanılması ilə bağlı şərh vermir. Fəqət aydındır ki, bu qalmaqal təkcə onun şəxsi reputasiyasına deyil, həm də hakim elita ilə bağlı vətəndaşların etimadına ciddi zərbə vuracaq.

Dövlət idarəçiliyini pandemiya dövründə idarə etmək etibar edilən Jan Kasteks, göründüyü kimi, son illərin ən gurultulu korrupsiya qalmaqallarından birinin mərkəzindədir. Onun saxlanılması sadəcə növbəti sensasiya deyil, sistemli problemin simvoludur: Fransanın siyasi elitası gözəl şüarlarla xalq naminə xidmət bəyan etsə də, çoxdan öz fəaliyyətini şəxsi imtiyazlar və hədsiz özbaşınalığın mənbəyinə çevirmişdir.

Aşkar ermənipərəst mövqeyi ilə tanınan və Fransadakı erməni icmasının diaspor təşkilatlarının tədbirlərinə qatılmaqdan "həzz aldığını" demiş Jan Kasteks bu qüsurlu sistemin tipik nümayəndəsidir. Əyalətdə doğularaq Fransanın ENA elitar məktəbində təhsil almış şəxs kimi o, hər zaman lazımi insanlara xoş gəlməyi və mövqeyini qorumağı bacarıb. Onun karyerası hakimiyyət rıçaqlarını şəxsi maraqlar naminə istifadədə sərhəd tanımayan bir şəxsin yüksəliş tarixidir.

Bu qalmaqal Kasteksin adının mənfi kontekstdə hallandığı ilk hadisə deyil. Prad şəhərinin meri olduğu dövrdə "effektiv idarəçi" reputasiyası qazanmasına baxmayaraq, bu uğurun arxasında daim balansda olan riskli qərarlar dayanırdı. Onun siyasəti tez-tez yerli sakinlərin narazılığına səbəb olurdu, büdcə vəsaitlərinin yenidən bölüşdürülməsi ilə bağlı isə çoxsaylı suallar yaranırdı.

Baş nazir vəzifəsində olduğu zaman Jan Kasteks pandemiyanın yaratdığı çağırışlara hazır deyildi. O, böhran meneceri rolunu üzərinə götürsə də, əsas məsələlərdə uğursuzluğa düçar oldu. Vaksinlərin paylanması prosesi minlərlə insanın həyatına başa gələn fiaskoya çevrildi. Tibbi maskaların alınması isə şəffaflığın olmaması və "uyğun" təchizatçılarla bağlanmış dost müqavilələri ilə bağlı ittihamlarla müşayiət olundu.

Baş nazir vəzifəsindən getdikdən dərhal sonra o, Parisin ən böyük ictimai nəqliyyat operatoru olan RATP-in rəhbəri təyin edildi. Bu təyinat böyük narazılığa səbəb oldu: nəqliyyat infrastrukturu sahəsində heç bir təcrübəsi olmayan bir insanın yalnız əlaqələrinə görə belə yüksək vəzifəyə gətirilməsi tənqid olundu. RATP işçilərinin etirazları və tətilləri cəmiyyətin bu cür "təyinatlardan" nə qədər yorulduğunu göstərdi.

Jan Kasteksin saxlanılması yalnız görünən tərəfdir. Fransanın idarəetmə sistemi, sabiq nazirlər və baş nazirlərin yüksək vəzifələr tutmağa və səxavətli mükafatlar almağa davam etdiyi bir quruluş halına gəlib. Bu təkcə korrupsiya deyil - dövlət resurslarının məhdud bir qrupun maraqları üçün istifadə olunduğu sistematik bir problemdir.

Qalmaqalın mərkəzində dayanan "Selecom" şirkəti sadəcə növbəti alət idi. Heç bir məmur onun borclarını yoxlamaq və ya vergi ödəyiciləri üçün nəticələrini düşünmək barədə narahat olmayıb. Cəmiyyətin ehtiyaclarına ayrılması lazım olan pullar əvvəlcədən zərər gətirəcəyi bəlli olan bir biznesin dəstəklənməsinə yönəldilib.

Üstəlik, bu ilin yanvarın 29-da J. Kasteksə Fransanın ən ali mükafatlarından biri - Şərəf Legionu ordeninin Böyük zabiti adı verildi. Amma bu mükafat nə üçün idi?! Böhran menecmentini səmərəsizliyin simvoluna çevirdiyinə görəmi? Yoxsa hakimiyyətdən şəxsi maraqları üçün istifadə edərək "lazımlı" müqavilələr təmin etdiyinə görəmi?

Fransanın siyasi sisteminin siması olan Jan Kasteks əslində, onun güzgüsüdür - qanunların hər kəs üçün yazıldığı, amma yuxarıda heç kimin ona əməl etmədiyi bir sistem.

İstintaq davam edir, amma artıq bir şey aydındır: bu hadisə cəmiyyətə cəzasızlığın sui-istifadəni doğurduğunu xatırladacaq. Kasteks ehtimal ki, elit təbəqənin davranışları üzə çıxan son nümayəndəsi olmayacaq.

Onun əməllərinə görə cəzalanma ehtimalı da azdır.

Emmanuel Makron əlindən gələni edərək Kasteksi "xilas" etməyə çalışacaq. Ölkədəki erməni icması da - təbii - öz buyruq qullarından birinin rəzil əməllərini pərdələmək üçün həmişəki ampluasına sadiq qalaraq, "gərəkli səylər" göstərəcək.

Fransa siyasətinin əsl və çirkin üzü də elə budur.

Elçin Alıoğlu
Trend

Seçilən
19
1
milli.az

2Mənbələr